Azərbaycan

 

28 yanvar 1908 – Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60). Bakıda “Maskarad»”, “Ağıldan bəla” operalarını, “Qızıl açar” baletini yazıb.

28 yanvar 1925 – Şair, dramaturq, tərcüməçi, teatrşünas Adil Qafar oğlu Babayev (1925 – 19.8.1977) Naxçıvanda anadan olub. “Dağlar qızı”, “Qız görüşə tələsir” və s. pyeslərin müəllifidir.

28 yanvar 1980 – Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 – 1980) vəfat edib.

28 yanvar 1985 – SSRİ Xalq artisti, görkəmli teatr rejissoru, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918 – 1985) vəfat edib. Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib.

28 yanvar 2015 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5.6.1939 – 2015) vəfat edib. “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.

 

29 yanvar 1926 – Xalq artisti, sirk ustası, jonqlyor, illüzionist Xosrov Abdulla oğlu Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.

29 yanvar 1927 – Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 – 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.

29 yanvar 1938 – Xalq artisti, mahir qoboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov (1938 – 23.2.2022) Bakının Buzovna kəndində doğulub. Niyazi adına simfonik, S.Rüstəmov və Ə.Bakıxanov adına xalq çalğı alətləri, “Dan ulduzu” instrumental ansambllarının solisti olub.

29 yanvar 2011 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (18.2.1947 – 2011) vəfat edib. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

29 yanvar 2016 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (26.1.1933 – 2016) vəfat edib. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

 

30 yanvar 1920 – Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Mirzəhəsən oğlu Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

30 yanvar 1935 – Əməkdar rəssam Gennadi Demyanoviç Brijatyuk (1935 – 11.6.2008) Gəncə şəhərində anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

30 yanvar 1936 – Əməkdar rəssam Əli Verdiyev (1936 – 8.5.2020) Lənkəranda anadan olub. Portret, mənzərə, natürmort və digər janrlarda əsərlərin, çoxfiqurlu tabloların müəllifidir: “Babəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” və s.

30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

30 yanvar 1948 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

30 yanvar 1943 – Tanınmış aktyor Ələsgər Əli oğlu İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

31 yanvar 1879 – Satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 – 3.1.1927) Bakının Əmircan kəndində doğulub. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.

31 yanvar 1884 – Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.

31 yanvar 1903 – Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 – 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi , “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-40-cı illərdə repressiyaya məruz qalıb, həbs və sürgün edilib.

31 yanvar 1915 – Xalq artisti Vera Karlovna Şirye (1915 – 5.5.2003) Bakıda anadan olub. 1933-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub, “İstiqlal” ordeni (2000) ilə təltif olunub.

31 yanvar 1918 – Xalq artisti Konstantin Nikolayeviç Bataşov (1918-1991) Tiflisdə doğulub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

31 yanvar 1924 – Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 – 26.2.1996) Bakıda doğulub. 1940-cı illərdə Cənubi Azərbaycanda azadlıq hərəkatının öncüllərindən olub.

31 yanvar 1963 – SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 – 1963) vəfat edib. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, Filmlərdə (“Fətəli xan”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.

 

Dünya

 

28 yanvar 1912 – Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock; 1912-1956) anadan olub.

 

29 yanvar 1860 – Rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (1860 – 15.7.1904) anadan olub. “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” pyeslərinin, povest və hekayələrin müəllifidir.

29 yanvar 1866 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915) Romen Rollan (Romain Rolland; 1866 – 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.

 

30 yanvar 1720 – İtalyan rəssam, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.

30 yanvar 1923 – Kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 – 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) müəllifidir.

30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928-2006) anadan olub.

 

31 yanvar 1797 – Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert; 1797-1828) anadan olub. “Alfonso və Estrella” operası, simfoniya, mahnı və romansların müəllifidir.

31 yanvar 1921 – Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza – əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.

31 yanvar 1924 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Arzu ağacı”, “Tövbə” və s.

31 yanvar 1937 – Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis; 1937 – 20.6.2022) anadan olub. Filmləri: “Bu şirin söz – azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.

Hazırladı: V.Orxan