Yanvarın 25-də Azərbaycan Respublikasının Avropa Şurasına (AŞ) tamhüquqlu üzv edilməsinin 22-ci ildönümü tamam oldu. Bu münasibətlə Strasburqda, AŞ-nin mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb. Azərbaycanın mədəni irsinin ən zəngin qollarından biri olan xalça sənətinin və milli xalçaçılıq məktəblərinin Avropada tanıdılması məqsədi daşıyan sərgi ölkəmizin AŞ yanında daimi nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən təşkil edilib.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı təşkil olunmuş sərgi fevralın 3-dək açıq olacaq. Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinin nümunələri təqdim edilir Həmçinin böyük ekran vasitəsilə milli xalçaçılıq sənətindən, eləcə də Azərbaycanın məşhur xalçaçılarından bəhs edən film nümayiş olunur. Həmçinin Azərbaycan xalça sənəti ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitablar təqdim olunur.

Sərginin açılışında çıxış edən ölkəmizin AŞ yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov 2001-ci il yanvarın 25-də Azərbaycanın üçrəngli bayrağının Ümummilli lider Heydər Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı qarşısındakı flaqştoka qaldırıldığını xatırladıb. Diplomat qeyd edib ki, Avropanın demokratik millətlər ailəsinə mənsub olan Azərbaycan qitənin multikultural kimliyinə öz töhfələrini verir.

AŞ-nin baş katibi Maria Peyçinoviç Buriç sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin qorunmalı olduğunu bildirib. O, AŞ-nin “müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə böyük önəm verdiyini söyləyib. Baş katib Azərbaycanın artıq 22 ildir Avropa Şurasına üzv olduğunu və qurumun çoxsaylı konvensiyalarını imzaladığını və ratifikasiya etdiyini bildirib, ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoqda xüsusi rolunu qeyd edib.

Tədbirdə “Azərxalça” ASC-nin rəhbəri Emin Məmmədov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə yenidən strukturlaşdırılan qurumun fəaliyyətindən söz açıb. O, xalqımızın zəngin və nadir mədəni irsi olan xalçaçılıq sənəti haqqında danışıb, Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən bəhs edib. Xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıqdan bəhs edən  E.Məmmədov ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını qeyd edib.

Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus xalça Avropa Şurasına hədiyyə edilib.

Sərginin açılışına AŞ Katibliyinin əməkdaşları, AŞPA-nın qış sessiyasına gəlmiş müxtəlif ölkələrin parlamentariləri, AŞPA-da və Avropa İnsan Hüquqları Məhkəməsində çalışan həmvətənlərimiz, eləcə də yerli ictimaiyyətin üzvləri qatılıblar.