Polşanın Lodz şəhərində Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadənin iştirakı ilə konsert proqramı təşkil edilib.

Konsert Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü, Türkiyənin Polşadakı Səfirliyi və Lodz şəhərindəki fəxri konsulluğunun dəstəyi ilə ərsəyə gəlib.

Qrajina və Keystut Batseviçlər adına Lodz Musiqi Akademiyasının zalında gerçəkləşən konsertdə azərbaycanlı, türk və polyak bəstəkarlarının əsərlərindən nümunələr səsləndirilib. Tədbirdə Lodz şəhərinin ictimaiyyət nümayəndələri, həmçinin azərbaycanlı və türk diasporlarının təmsilçiləri iştirak ediblər.

Səfir Nərgiz Qurbanova 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini bildirərək konsert proqramının ömrünü doğma vətəninə, xalqına xidmətə həsr etmiş dahi şəxsiyyətin 100 illiyi münasibətilə təşkil olunduğunu söyləyib.

Səfir 2023-cü ildə Azərbaycan operasının 115 illiyinin qeyd olunduğunu da diqqətə çatdırıb, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operasının ümumilikdə müsəlman Şərqində ilk opera olduğunu vurğulayıb.

Konsert proqramı barədə Polşanın TVP 3 kanalında reportaj yayımlanıb.