Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. Elektrik enerjisinin kəsilməsi isə onlayn təhsili mümkünsüz edir.

Bu barədə məlumat BMT Uşaq Fondu – UNICEF-in Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndəliyinin “Twitter” səhifəsində paylaşılıb. Məlumatda bildirilir ki, müharibə üzündən Ukraynanı tərk etməyə məcbur olan ailələrdə də vəziyyət ürəkaçan deyil. Hər üç qaçqın uşaqdan ikisi onları qəbul edən ölkələrdə dərslərə cəlb olunmur.

Rusiyanın hücumları nəticəsində Ukraynada minlərlə təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb. UNICEF mülki obyektlərə, o cümlədən enerji infrastrukturuna zərbələri dayandırmağa çağırıb.