Azərbaycan Milli Xalça Muzeyində ilin ilk sərgisi açılıb. “Mədəni irsə yeni baxış” adlı ekspozisiya “Azərxalça” ASC, “Afffair” moda brendi və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, “PAŞA Holding”in tərəfdaşlığı ilə təşkil edilib.

Yanvarın 24-də açılışı olan sərgidə “Azərxalça” və “Afffair”in birgə yaratdığı beş müasir xalça nümunəsindən ibarət kolleksiya nümayiş olunur. Xalça kolleksiyası Azərbaycanın Vətən müharibəsində Zəfərinə həsr olunub. Kolleksiyadakı hər nümunədən biri muzeyə hədiyyə edilib.

Bu barədə məlumat verən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, sərginin məqsədi xalçanın xalqımız üçün əsrlərdir dəyişilməyən çox qiymətli mənəvi irs olduğunu bir daha vurğulamaq, tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Tədbirdə diqqətə çatdırılıb ki, tanınmış azərbaycanlı dizayner, “Afffair” brendinin yaradıcı direktoru və təsisçisi Rüfət İsmayıl yaratdığı geyim nümunələrində etnik mədəniyyəti, xalçalarımıza aid zəngin naxış elementlərini əks etdirir. O, “Sumakh” kolleksiyası üzərində işləyərkən Azərbaycan Milli Xalça Muzeyi ilə çalışıb, burada saxlanılan həm qədim, ənənəvi xalçalardan, həm də müasir peşəkar xalçaçı-rəssamların yaratdığı əsərlərdən ilhamlanıb.

Sərgidə nümayiş olunan “Naxçıvan”, “Qarabağ”, “Açma-yumma” xalçaları muzeydə qorunan eyniadlı xalçaların elementlərindən istifadə edilməklə yaradılıb. Əvvəlcə onlar “Sumakh” kolleksiyasına aid geyimlərin parçalarında əksini tapdı, daha sonra isə tekstildə istifadə olunan bu motivlər xalçaya qaytarıldı. 2020-ci ildə isə muzey maraqlı bir layihəni reallaşdırıb. İki il sürən araşdırma nəticəsində qədim ənənəyə əsaslanan, boyanmamış yundan təbii, oxra çalarlarında 5 xalça ərsəyə gətirilib. Bunlar muzeyə hədiyyə edilən nadir xalça kompozisiyalarının replikalarıdır. XVII əsrin sonu – XVIII əsrin əvvəlinə aid, Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə muzeyə hədiyyə olunan “Naxçıvan” xalçası onlardan biri olmaqla Rüfət İsmayılı ilhamlandırıb və o da, eyni rəng çalarlarından istifadə etməklə xalçanın mərkəzi elementindən istifadə edib. Sərgidə təqdim olunan “Naxçıvan” xalçası üzərində də bu element əksini tapıb. “Ovçuluq” adlı xalça isə “Bəndi-Rumi” bədii kompozisiyası və Xalq rəssamı Eldar Mikayılzadənin yeni “Şəki xalçaları” silsiləsinə aid “Şəbəkəli” xalçası əsasında ərsəyə gəlib.

Muzeyin direktoru qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təqdimatı olan bu xalçalar hazırda Heydər Əliyev Mərkəzində sərgilənir. Ziyarətçilər burada dünyanın ilk xalı nümunəsi olan “Pazırık” xalçasının mərkəzi elementləri üzərində işlənmiş müasir xalça nümunəsini də görə bilərlər. Muzeyə hədiyyə olunan bu dəyərli xalçalar tezliklə kolleksiyamızda öz yerlərini tutacaq.

Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” sərgisi fevralın 10-dək davam edəcək.