Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) görkəmli musiqi xadimi, Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyi münasibətilə yubilyarın konserti təşkil edilib.

Əvvəlcə AMM-in direktoru Leyla Qasımova yubilyarın həyat və fəaliyyəti haqqında danışıb. Qeyd edilib ki, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın mədəniyyət mərkəzi olan Şuşa şəhəri milli incəsənət tarixində iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında Bədəlbəylilər nəslinin də xüsusi yeri var. Bu nəslin nümayəndəsi Fərhad Bədəlbəyli Azərbaycanı dünyada tanıdan pianoçudur.

Diqqətə çatdırılıb ki, Fərhad Bədəlbəyli məşhur ifaçı olmaqla yanaşı, həmçinin pedaqoji fəaliyyətlə məşğul olur, 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur, Azərbaycanın mədəni-ictimai həyatında fəal rol oynayır. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür. Ötən il Vyana şəhərində təşkil olunmuş “Odlar Yurdunun sədaları“ beynəlxalq musiqi festivalının münsiflər heyətinə fəxri sədrlik edən pianoçu Azərbaycan musiqisinin Avropada təbliği və gənc istedadların üzə çıxarılmasına töhfələr verir.

Sonra yubilyara həsr olunmuş videçarxlar nümayiş olunub.

Tədbirin bədii hissəsində Fərhad Bədəlbəyli beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (skripka) və Mariya Şebzukova (soprano) ilə birlikdə klassik konsert proqramı təqdim edib. Konsertdə Qara Qarayev, Cövdət Hacıyev, Mixail Qlinka, Yohannes Brams və digər bəstəkarların əsərləri səsləndirilib. Fərhad Bədəlbəylinin bəstələdiyi “Ave Maria“ və “Dəniz“ əsərləri, Tofiq Quliyevin “Qaytağı” fortepiano pyesi xüsusi maraqla qarşılanıb.