Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmlər Akademiyası (Türkiye Bilimler Akademisi – TÜBA) arasında əməkdaşlıq müqaviləsi bağlanıb. AMEA-dan bildirilib ki, müqavilə akademiyanın prezidenti İsa Həbibbəylinin Ankaraya səfəri çərçivəsində imzalanıb.

Səfər zamanı akademik İsa Həbibbəyli TÜBA-nın prezidenti professor Müzəffər Şəkərlə görüşüb. Görüşdə iki akademiya arasında  əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müzəffər Şəkər bildirib ki, xüsusən humanitar və ictimai elmlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Akademik İsa Həbibbəyli AMEA-nın beynəlxalq elmi qurumlarla əlaqələri barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə əlaqədar olaraq AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfranslarda qardaş Türkiyənin alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Sonra İsa Həbibbəyli və Müzəffər Şəkər AMEA ilə TÜBA arasında əməkdaşlıq müqaviləsini imzalayıblar. Sənəddə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və s. məsələlər əksini tapıb.