Fevralın 1-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) Azərbaycanın dahi bəstəkarı, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) anadan olmasının 105 illiyinə həsr edilmiş konsert keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianoçusu, Əməkdar artist Nərgiz Əliyeva tərəfindən təşkil olunacaq.

Proqramda dünya musiqi mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş bəstəkarın əsərlərindən parçalar səsləndiriləcək.

“Yeddi gözəl", “İldırımlı yollarla" baletləri, simfoniyalar, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, digər musiqi əsərlərinin müəllifi olan Qara Qarayev, həmçinin “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə möhtəşəm musiqilər yazıb.