Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfirliyi qaçqın və məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcək. Bu barədə Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Fergus Ould yanvarın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşündə deyib.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə səfirə Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Humanitar fəlakətlə üzləşdiyi dövrdə ölkəmizə beynəlxalq təşkilatların dəstək və yardım göstərməsi minnətdarlıqla qeyd edilib.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaranıb. Bu prosesin könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə aparılması üçün zəruri tədbirlər görülür. Müvafiq dövlət proqramı qəbul edilib, bərpa və yenidənqurma işləri həyata keçirilir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması qayıdışın sürətləndirilməsini əngəlləyir. Minaların təmizlənməsinə Böyük Britaniya hökumətinin də dəstək verməsindən məmnunluq ifadə olunub.

Səfir Fergus Ould səmimi qəbula görə təşəkkür edərək fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən humanitar layihələrin həyata keçirilməsi istiqamətində çalışacağını bildirib.