Özbəkistanda aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğuya – “İlin seçimi – 2022” müsabiqəsinə yekun vurulub.

Aparılan rəy sorğusu ölkədə aktiv fəaliyyət göstərən, mətbuatla sıx işləyən, fəaliyyətində şəffaflığa nail olan, vətəndaş cəmiyyəti, ictimaiyyətlə səmərəli fəaliyyət göstərən dövlət və qeyri-dövlət idarələri, ictimai təşkilatları əhatə edib.

Bununla əlaqədar Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino Sarayında təntənəli mükafatlandırma mərasimi təşkil edilib.

Tədbirdə Özbəkistanın hökumət nümayəndələri, deputatlar, ictimaiyyət, elm, mədəniyyət və təhsil xadimləri, jurnalistlər, blogerlər iştirak ediblər.

Müsabiqədə “Ən nümunəvi region”, “Ən nümunəvi nazirlik”, “Ən fəal deputat”, “İlin media lideri”, “İlin ən nümunəvi mətbuat katibi” və digər nominasiyalarda qaliblərə diplom və mükafatlar verilib.

Keçirilən səsvermə samanı Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) qalib olub. Bununla bağlı diplom AMM-in direktoru Samir Abbasova təqdim edilib.

Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri arasında “İlin ən fəal səfirliyi” nominasiyası üzrə qalib isə Türkiyə səfirliyi olub.

Özbəkistan KİV-ləri eləcə də ictimaiyyət arasında hər il keçirilən, obyektivliyi və şəffaflığı ilə seçilən bu sorğunun nəticələri ölkə ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanır, mətbuatda geniş şəkildə işıqlandırılır.