Azərbaycan

 

1 fevral 1935 – Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov (1935 – 1.9.2019) Bakıda doğulub. Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri, “Azərbaycan” nəşriyyatının baş direktoru işləyib. Ali Sovetin deputatı, Yazıçılar Birliyinin sədr müavini olub.

1 fevral 1948 – Əməkdar artist Əli Fərman oğlu Allahverdiyev (1948 – 15.6.2010) Samux rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

1 fevral 2003 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” sərəncam imzalayıb.

1 fevral 2004 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Televiziya tamaşalarına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

1 fevral 2018 – Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

2 fevral 1882 – İrəvan şəhər gimnaziyasının müəllimi, maarifpərvər Məşədi İsmayılın şagirdləri ilə birgə hazırladığı V.Mədətovun “Tamahkarlıq düşmən qazanır” pyesinin tamaşası göstərilib. Bununla İrəvanda peşəkar Azərbaycan teatrının əsası qoyulub.

2 fevral 1912 – Xalq artisti, rejissor, Dövlət mükafatı laureatı Məhərrəm Kazım oğlu Haşımov (1912 – 2.5.1969) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1960-1965) olub.

2 fevral 1932 – Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 – 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi olub.

2 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Rza oğlu Məmmədov (1936-2006) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.

2 fevral 1942 – Əməkdar mədəniyyət işçisi, aşıq Yanvar Piralı oğlu Bədəlov (1942 – 27.12.2018) İsmayıllı rayonunun Tircan kəndində doğulub.

2 fevral 1955 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (1955 – 23.9.2013) Balakən rayonunda doğulub. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.

2 fevral 1983 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (27.2.1901 – 1983) vəfat edib. “Qarlı dağlar”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

2 fevral 2017 – Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ Xalq artisti, maestro Niyazinin abidəsinin (heykəltəraş – Xalq rəssamı Ömər Eldarov) açılış mərasimi olub.

 

3 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 – 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

3 fevral 1951 – Əməkdar artist Həsənağa Hüseynəli oğlu Hüseynov (1951-2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub, teatrda truppa müdiri işləyib.

3 fevral 1959 – Əməkdar artist Mərdan Əhmədiyyə oğlu Feyzullayev (1959 – 13.8.2017) Şəki rayonunun Kiş kəndində doğulub. Şəki Dram Teatrının baş rejissoru olub. 1994-cü ildən Moskvada yaşayıb, “Səməndər quşu” kukla teatrında rejissor işləyib, özünün yaratdığı “Dərviş” teatrında Azərbaycan müəlliflərinin əsərlərini tamaşaya qoyub.

3 fevral 1962 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 – 1962) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

3 fevral 1990 – Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 – 1990) vəfat edib. Kinoda, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

3 fevral 2014 – Prezident İlham Əliyev böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

3 fevral 2014 – Bakıda böyük bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsinin (heykəltəraş – Xalq rəssamı Fazil Nəcəfov) açılışı keçirilib.

3 fevral 2022 – Əməkdar mədəniyyət işçisi, kino və televiziya operatoru Nəriman Səttar oğlu Şıxəliyev (14.10.1934 – 2022) vəfat edib.

 

Dünya

 

1 fevral 1895 – Amerika kinorejissoru Con Ford (John Ford – John Martin Feeney; 1895-1973) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

1 fevral 1999 – Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 – 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

 

2 fevral 1595 – Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen; 1595-1657) anadan olub.

2 fevral 1873 – Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.

2 fevral 1882 – İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 – 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

3 fevral 1881 – Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Aleksandroviç Protazonov (1881-1945) anadan olub.

Hazırladı: V.Orxan