Bakıda meksikalı sənətkarın kolleksiyasının təqdimatı olub

 

Meksikanın Azərbaycandakı Səfirliyi yanvarın 27-də meksikalı sənətkar Pedro Sezar Peraltanın (NoroN) “Mictlán: Astek mifologiyasının yeraltı dünyası” kolleksiyasının təqdimatını keçirib.

Təqdimatdan əvvəl açıqlama verən Meksikanın Azərbaycandakı yeni səfiri xanım Mariya Viktoriya Romero Kabayero deyib: “Meksika müxtəlif mədəniyyətləri və millətləri özündə birləşdirməsi baxımdan Azərbaycanla müəyyən bənzərliklərə malikdir. Bu səbəbdən gələn il Meksikanın Azərbaycandakı Səfirliyinin açılmasının 10 illiyi münasibətilə müəyyən tədbirlər planlaşdırırıq, həmçinin bu ilin payızında bu tipli yeni layihələrin təqdimatının keçiriləcəyi də istisna deyil”.

Sərginin əhəmiyyətindən danışan diplomatın sözlərinə görə, bu tədbir hər şeydən öncə Meksika adət-ənənələri ilə böyümüş bir sənətkarın xarakterini əks etdirir: “Pedronun doğulduğu kənd tarixən onun hazırda nümayiş etdirdiyi kilimçilik sənəti ilə məşğul olub, ona görə də bu peşə onun daxilindən, uşaqlığından gəlir. Bugünkü tədbirin əsas məqsədi sənətkarın daxili dünyasını kəşf etməklə yanaşı, bizim ispan koloniyalarından əvvələ gedib çıxan və başqa mədəniyyətlərlə bənzəri olmayan keçmişimizi əks etdirən sənətkarlıq nümunələrini nümayiş etdirməkdir”.

Qeyd edək ki, xanım Viktoriya Romeronun açılış nitqi ilə başlayan tədbirdə Azərbaycanın İrandakı Səfirliyinə yanvarın 27-də edilmiş silahlı hücum aktı pislənib, şəhid olmuş səfirlik əməkdaşının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Meksikalı sənətkar Pedro Sezar Peralta sərgilənən əsərlərindən, onların hazırlanmasından və gələcək planlarından danışıb. O, Meksika mədəniyyətini fərqli və yeni tərzdə, istifadə edilmiş məhsullardan hazırladığı kilimlərdən ibarət əl işləri ilə sənətsevərlərə çatdırmağa çalışdığını vurğulayıb.

Sonra iştirakçılar nümayiş olunan əsərlərlə tanış olublar.