Mükafatın növbəti qalibi elan edildi

 

“AzerNyuMedia” şirkətinə məxsus “Cinema Radio” kanalının “Müasir audiovizual baxış” mükafatının sayca dördüncü təqdimetmə mərasimi keçirilib. Tədbir yanvarın 27-də “Cinema Plus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında “Azman Holdinq”in dəstəyi ilə gerçəkləşdi. Təqdimata mədəniyyət, incəsənət xadimləri, digər qonaqlar qatılmışdı.

Qeyd edək ki, “Cinema Radio” kanalı Mədəniyyət Nazirliyi və “Real FM” radiosunun dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107 FM dalğasında yayımlanır.

Tədbirin aparıcısı, aktyor Emin Nəsirli “Cinema Radio” kanalı və mükafat haqqında məlumat verdi. Bildirdi ki, bu günə kimi 400-dən artıq kinematoqrafçı “Cinema Radio”nun mikrofonu önündə çıxış edib. Radio 44 günlük Vətən müharibəsində informasiya cəbhəsinin ön sıralarında dayanıb. 2019-2022-ci illərdə “Avto FM”də (107.7) yayımlanmış “Cinema Radio” öz fəaliyyətini hər həftənin şənbə günü saat 15:00-da və bazar günü saat 14:00-da “Real FM”də (107) davam etdirir.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev qeyd etdi ki, ötən il Azərbaycan kinosunun həyatında əlamətdar hadisə baş verdi: “Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi yaradıldı. Bu, ölkəmizdə milli filmlərin istehsalı, kinomuzun dünya audiovizual məkanına inteqrasiyası baxımından vacib addım idi. Ümid edirik ki, kino ilə bağlı hər kəs bu işə öz töhfəsini verəcək”.

Rüfət Əliyev çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirdi.

Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov, “Cinema Plus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək “Cinema Radio”nun fəaliyyəti və layihənin əhəmiyyətindən danışdılar.

Çıxışlardan sonra layihənin rəhbəri, “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibini elan etdilər.  Rejissor Emil Quliyev 2022-ci ilin audiovizual yekunlarına əsasən mükafatın qalibi oldu.

E.Quliyev “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Rusiyanın Tula və İranın Mazandaran şəhərlərində festivallarda mükafatlara, habelə 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına layiq görülüb.

Tədbirdə əvvəlki mükafatlandırılma mərasimləri və “Cinema Radio”nun iş prosesindən kadrlar da nümayiş olundu. Xalq artisti Niyaməddin Musayev “Atları yəhərləyin” filmindən “Anama deyin”, “Su axar çaya dönər”, “Qatır Məmməd” filmindən “Etməzmidim” mahnılarını ifa etdi.

Xatırladaq ki, mükafat ənənəvi olaraq hər ilin əvvəlində “Cinema Radio”nun sorğuları əsasında, ötən il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir. 2021-ci il üzrə mükafata aktyor, ssenarist, aparıcı Azər Aydəmir layiq görülmüşdü.

Qeyd edək ki, “Cinema Radio” kanalı 2019-cu il iyulun 20-də dinləyicilərin görüşünə gəlib. Layihənin məqsədi yerli və əcnəbi kino sənayesini müqayisəli şəkildə təqdim etmək, təhlillər aparmaqdan ibarətdir. Burada milli filmlərin audiotreylerləri, soundtracklar təqdim olunur, qonaqlarla müzakirələr aparılır.

N.Məmmədli