Bu il görkəmli teatr və kino aktyoru, Xalq artisti Əliağa Ağayevin (1913-1983) anadan olmasının 110 illiyidir. Eyni zamanda vəfatının 40-cı ildönümüdür. Film və tamaşalardan gülüş ustası kimi tanıdığımız aktyorun ömür və sənət yolunun bəzi maraqlı məqamlarını təqdim edirik.

Əliağa İsmayıl oğlu Ağayev 1913-cü il martın 22-də Bakıda anadan olub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına Gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Zavodun dram dərnəyində çıxış edib. İlk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında baş qəhrəman – Hacı Qara olub. Həmin dərnəyin istedadlı gənclərini seçib mədəniyyət təbliğatı briqadası yaradırlar. Əliağa Ağayev bu briqadada kiçik həcmli məsxərələrdə, təbliği pyeslərdə rollar oynayıb.

Bir müddət sonra Gənc Tamaşaçılar Teatrının (həmin dövrdə Fəhlə Uşaqlar Teatrı adlanıb) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları” dramının tamaşasında Dik rolu ilə çıxıb. O daha sonra bu səhnədə Molla Həmid (“Molla İbrahimxəlil kimyagər” – M.F.Axundzadə), Rəcəb, Lələş, Əlipaşa, Səməndər (“Xasay”, “Vətən”, “Ana”, “Eloğlu” – A.Şaiq), Balaxan, Əmirqulu (“Aydın” və “Yaşar” – C.Cabbarlı) və digər rolların mahir ifaçısı kimi tanınıb.

Azərbaycan tamaşaçısının qəlbində məxsusi yer tutan Məşədi İbad (“O olmasın, bu olsun”, 1956) obrazı isə aktyorun vizit kartına çevrilir. Bu filmdəki uğurundan sonra Ə.Ağayev 1961-ci ilin payızında Akademik Dram Teatrında işə qəbul edilir. Burada canlandırdığı ilk obrazı Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında Abış Surxayeviç olur. 22 il bu teatrda işləyən sənətkar biri-birindən koloritli obrazlarla tamaşaçıların könlünü oxşayır.

Kinoda da fəaliyyətini davam etdirən Ə.Ağayev “Sehrli xalat” filmində Xan, “Görüş”də Şıxəli, “Əhməd haradadır?” filmində kassir, “Qanun naminə”də Anbardar Məmmədxan, “Bir məhəllədən iki nəfər”də Feyzi və digər maraqlı obrazlar yaradır.

Sənətkar 1943-cü ildə respublikanın “Əməkdar artisti”, 1954-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Bağırov onu qəbuluna nə məqsədlə çağırmışdı?

 

Əliağa Ağayevin rol aldığı “Hacı Qara” tamaşasına baxan respublikanın o zamankı rəhbəri Mircəfər Bağırov nümayişdən sonra aktyoru yanına çağırtdırır. 1937-ci ildə Bağırov tərəfindən sürgünə göndərilən qardaşının taleyini gözünün qarşısına gətirən aktyor onun da həbs ediləcəyini düşünüb qorxa-qorxa rəhbərin qapısını döyür. Amma oynadığı obraza görə aktyora heyranlığını ifadə edən Bağırov ondan fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Ə.Ağayevə “Əməkdar artist” fəxri adı verilir.

 

Kinoda ilk işi

 

“Görüş” filmi (1955) Ə.Ağayevin kinoda ilk işidir. Aktyor bir-biri ilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğuna həsr edilən filmdə Şıxəli obrazını canlandırıb.

Film soyuq payız aylarında çəkilirmiş. Ssenariyə əsasən, Şıxəli çaya yıxılmalı idi. Bu kadr yaxşı alınmadığına görə yeddi dubl çəkilir və aktyor hər dəfə soyuq suya baş vurmalı olur, nəticədə möhkəm xəstələnir.

 

“Bal” lazımdırsa, verək...”

 

Aktyorun qızı Gülçin Ağayeva vaxtilə atası ilə bağlı verdiyi müsahibəsində deyib: “Bir gün atam trolleybusla gedirmiş. Görüb ki, cavan bir oğlanın qanı bərk qaradır, heç özündə deyil. Soruşub ki, sənə nə olub? Oğlan da deyib ki, çoxuşaqlı ailəyik, evdə hamı gözləyirdi ki, mən instituta qəbul olunacağam, amma bir balım çatmır. Atam oğlanın fikrini dağıtmaq üçün əvvəl zarafatla deyib ki, onlara bal lazımdı, yaxşı bal tapaq aparaq verək də. Sonra oğlana deyib ki, gedək mənimlə o instituta, görək nə deyirlər. Qəbul komissiyasının üzvlərinə oğlanın ailə vəziyyətini başa salıb, oxumaq həvəsini nəzərə almalı olduqlarını deyib və işi yoluna qoyub. Sonra bir gün həmin oğlan rayondan bizə pay gətirdi, amma atam onun gətirdiyini geri qaytarıb başa saldı ki, bir də belə iş tutmasın. Elə bilməsin ki, Əliağa Ağayev elədiyi yaxşılığın qarşılığını gözləyən adamlardandır”.

 

Əfqanların bağışladığı kürk

 

“O olmasın, bu olsun” filmindən sonra hamı Ə.Ağayevi baş qəhrəmanın adı ilə – Məşədi İbad kimi tanıyırdı. Əslində, Məşədi İbad rolu üçün rejissor Hüseyn Seyidzadə aktyor Mirzəağa Əliyevi çəkmək istəyib. Lakin çəkilişlər başlayan ərəfədə aktyor vəfat etdiyi üçün rol Ə.Ağayevə qismət olur.

Xalq artisti, rejissor Ağakişi Kazımov bir xatirəsində sənətkar haqqında maraqlı əhvalatı qeyd edib. Bir dəfə İraqda qastrol zamanı aktyorla bazarda gəzərkən onu itirir: “Hərləndim bazarı, bu ara bir yerdən səsi gəldi. Gördüm ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim bu nədir? Dedi tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər...”.

Məşədi İbadı oynayanda qara, gur saçları olan aktyor film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb...

 

“İrəvana gedirik?”

 

Aktyorun yaddaqalan işlərindən biri də “Sehrli xalat” (1964) filmindəki Xan obrazıdır. Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Böyük gülüş ustası” məqaləsində yazır ki, Xalq artisti, görkəmli sənətkar Leyla Bədirbəyli bir müsahibəsində film haqqında bunları deyib: “Bir gün Əlisəttar (Əlisəttar Atakişiyev, “Sehrli xalat”ın rejissoru – red.) müəllim mənə zəng vurub kinostudiyaya gəlməyimi xahiş etdi. Ertəsi gün kinostudiyada görüşərkən o, xoş əhvali-ruhiyyədə idi. Fikirləşdim ki, yəqin nəsə təzə xəbər var. Bu vaxt Əlisəttar müəllim cibindən bir məktub çıxarıb mənə tərəf uzatdı və dedi: “Al, oxu. Ermənistandan göndəriblər”.

Məktub Ə.Atakişiyevə ünvanlanmışdı. Bir erməni tamaşaçı filmdə səslənən sözə münasibətini, daha doğrusu, etirazını bildirmişdi.

Filmdə belə bir səhnə var: Rəşid sehrli xalat ilə keçmişə gedib xanın sarayına düşəndən sonra xanı da götürüb geri qayıtmaq istəyir. Bunun üçün onların hər ikisi xalata bürünəndən sonra aralarında belə bir dialoq (“sehrli sözlərlə” bağlı) olur:

Rəşid: – Çitrakuta, çitrakuta, işvara!

Xan: – Çitraxuda, çitraxuda, işvərə!

Rəşid: – Ayravana...

Xan: – İrəvana gedirik?

Rəşid: – Yox ey!...

Sən demə, xanın pionerdən “İrəvana gedirik?” soruşması erməninin şəstinə toxunubmuş. Məktubda yazılmışdı: “Siz nəyə görə filmdə İrəvanın adını çəkmisiniz? Bunun sizə, filmə nə dəxli var? Məgər ayrı şəhərin adını çəkə bilməzdinizmi?...”.

Ə.Atakişiyev bir an susub dedi: “İstəyirəm bu tamaşaçıya bir tutarlı cavab yazam”. Onun iş otağında oturub erməni tamaşaçısına cavab yazdıq. Yazdıq ki, ermənilər sonradan İrəvan xanlığına, Qarabağa köçüb bu yerlərdə yurd salıblar...”.

 

Gülə-gülə bu dünyaya əlvida...

 

Bənzərsiz sənətkarlığı ilə insanlara gülüş bəxş edən örnək sənətkarın ömür yolu da elə gülüşlə başa çatıb. 1983-cü il noyabrın 3-də dostları ilə bir məclisdə olan Ə.Ağayev lətifə söyləyib və ürəkdən güldüyü yerdəcə dünyasını dəyişib...

Hazırladı: N.Məmmədli