Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi və Azərbaycan İncəsənət Məktəbinin (Azerbaijan Art School) təşkilatçılığı ilə “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığının təbliği” layihəsi çərçivəsində elan olunmuş müsabiqənin final mərhələsi keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı reallaşdır – 2022” qrant müsabiqəsinin qalibidir.

Qiraət müsabiqəsi görkəmli şair Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi münasibətilə həyata keçirilib. Layihənin məqsədi gənclər arasında Əhməd Cavad və onun yaradıcılığının təbliğ edilməsidir.

Layihənin rəhbəri, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov müsabiqənin münsiflərini və tamaşaçıları salamlayıb, müsabiqə haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, bədii qiraətçi Nadir Hüseynov, Xalq artisti, ADMİU-nin professoru Məmməd Səfa, Azərbaycan İncəsənət Məktəbinin müəllimi, aktyor Məhəmməd Verdizadə, “Uşaq və Yeniyetmələrə Dəstək” İB-nin sədri Fərhad Abdulovdan ibarət münsiflər heyəti qiraətçilərin çıxışlarını qiymətləndirib.
Müsabiqədə 15 nəfər gənc qiraətçi tar ifaçısı Elvin Səfərovun müşayiəti ilə istiqlal şairinin şeirlərini söyləyib.

Münsiflər heyətinin qərarına əsasən, Əzizəxanım Kazımova I, Xanım Əliyeva II, Azər Sahibi isə III yerə layiq görülüb. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.