Kinoalmanaxın nümayişi başlanır

 

Fevralın 2-dən etibarən bütün kinoteatrlarda “Qarabağ hekayələri: dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq. Kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir.

“Sizə məktub var...” filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Məzahir Həşimovdur. Əsas rolları Əli Əliyev və Dəniz Tacəddin ifa edirlər. Öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir...

“Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayevadır. Əsas rolları Kəmalə Piriyeva və Niyaz Qasımov oynayırlar.

Filmin qəhrəmanı ailəsini Bərdədə qoyub özü döyüşə gedən gəncdir. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı pozur...

“Hasar” filmi də Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində ərsəyə gəlib. “Ultra Production”ın istehsalı olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşovdur. Əsas rollarıı Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərov ifa edirlər.

Birinci Qarabağ müharibəsində oğlunu itirmiş Elçin Qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur...

Birinci və İkinci Qarabağ müharibələri və müharibədən sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır.

Qeyd edək ki, kinoalmanaxın kinoteatrlarda nümayişindən əldə edilən gəlir “YAŞAT” Fonduna ianə ediləcək.