Müsabiqə-festivalın respublika mərhələsinin qalibləri müəyyənləşib

 

Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə” möcüzəsi” onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsinə yekun vurulub.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdir.

Müsabiqə-festivalın respublika mərhələsinin seçimləri 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Bu mərhələyə zona mərhələsində I yerin qalibi olmuş 199 iş (bədii qiraət – 36, inşa – 38, musiqi – 30, rəsm – 76, dram – 19) daxil olub. Münsiflər heyətinin qərarı ilə onların arasından 44 qalib ( I yer – 16, II yer – 14, III yer – 14) müəyyənləşdirilib.

“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsində I yerin qalibi olan iştirakçılar bu ilin aprel ayında türkdilli dövlətlərin məktəbliləri arasında keçiriləcək onlayn incəsənət müsabiqə-festivalında Azərbaycanı təmsil edəcəklər.