Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.

Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova qeyd edib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı göstərən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini fərman və sərəncamları ilə təsdiq edir.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, Ulu öndər Heydər Əliyev həmişə perspektivli gənclərə diqqət və qayğı ilə yanaşıb, onları müstəqil Azərbaycanın qurucusu kimi görüb.

Gənclərin yetişməsində, inkişafında kitabxanaların rolunu qeyd edən direktor söyləyib ki, bu gün Milli Kitabxananın timsalında gənclərin oxumağa böyük marağı var. Savadlı gənclik xalqın gələcəyidir. Məhz bugünkü gənclərin sayəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib.

Tədbirdə gənc yazarlara Milli Kitabxana tərəfindən kitablar hədiyyə edilib.

Sonra tədbir iştirakçıları “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı ənənəvi kitab sərgisi və eyniadlı virtual sərgi ilə tanış olublar. Virtual sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, Azərbaycan gəncliyi, gənclər siyasəti, müasir gəncliyin problemləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur. Virtual sərgi ilə http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.