Sumqayıt Texnologiyalar Parkı (STP) Şirkətlər Qrupu tərəfindən Sumqayıt şəhər Şəhidlər xiyabanı ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Zəfər ağacı” adlı abidə qoyulub.

STP-nin əməkdaşı, “Zəfər ağacı” layihəsinin icraçısı Emil Əzizov qeyd edib ki, bu abidəni hazırlamaqla Qarabağ Zəfərində əməyi olan hər kəsə öz ehtiramlarını ifadə etmək istəyiblər: “Belə bir abidə Türkiyədə də var, amma o, sadə heykəltəraşlıq nümunəsidir. Bizim hazırladığımız abidə isə metaldandır və “Zəfər ağacı” adlanır. Layihəmizi ilk dəfə 2021-ci ildə keçirilən Zəfər yarmarkasında nümayiş etdirdik və böyük maraqla qarşılandı. Abidəni ərsəyə gətirərkən kollektiv olaraq fikirləşdik ki, bu, gəncliyimizə ünvanlanan ismarış olmalıdır. Dəmir ağacın üzərində yarpaqşəkilli metal lövhədə adları qeyd olunan 3 minə yaxın şəhidimiz öz küllərindən yaranan Səməndər quşu kimi qəlblərdə əbədi yaşayacaq”.

Qardaşı Teymur Əzizovun Vətən müharibəsi şəhidi olduğunu bildirən Emil Əzizov layihənin icraçısı olsa da, onun həyata keçməsində STP-nin bütün kollektivinin xüsusi əməyinin olduğunu söyləyib.

Nurəddin