Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan qoruqların ziyarətçi sayı 2022-ci ildə pandemiyadan əvvəlki dövrü də üstələyib.

DTA-dan bildirilib ki, ötən il tabelikdəki 8 qoruğa ümumilikdə 341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfəri xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. Ödənişsiz giriş haqqı olan ziyarətçilər qrupuna məktəblilər, əlil və müharibə veteranları, qazilər, 12 yaşınadək xarici turistlər daxildir.

Məlumatda qeyd olunur ki, 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından ümumilikdə 1 693 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib.

2018-ci ildə Dövlət Turizm Agentliyi yaradıldıqdan sonra qurumun tabeliyinə verilən qoruqlara gələn turist sayında ötən müddətdə artım müşahidə edilib. Ən çox artım “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda və Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda qeydə alınıb. “Yanardağ” pandemiyadan öncəki 2019-cu ildə 88 min, 2022-ci ildə isə 110 minə yaxın, “Yuxarı Baş” qoruğu 2019-cu ildə 107 min, ötən il isə 141 mindən çox ziyarətçi qəbul edib.

Xatırladaq ki, hazırda DTA-nın tabeliyinə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki “Diri Baba” türbəsi daxildir.