“Azərxalça” ASC gənclər bayramını onların iştirakı ilə yaradıcı və işgüzar bir mühitdə qeyd edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) xalçaçılıq ixtisası üzrə təhsil alan “SABAH qrupu” tələbələr, onların diplom rəhbərləri və digər müəllim heyəti üçün “Azərxalça”nın Qobuda yerləşən emalatxanasında “Xalça istehsalında bir gün” adlı tədbir təşkil edilib.

Dördüncü kurs tələbələri buraxılış işlərinin layihələrini və çeşnilərini təqdim ediblər. ADRA-nın müəllim heyəti və “Azərxalça”-nın yaradıcı qrupunun nümayəndələri buraxılış işlərini müzakirə edərək onlara öz fikir və təkliflərini bildiriblər.

Tələbələr “Azərxalça”nın ən yaxşı toxucularından ustad dərsi alıb, özlərini xalça toxuma prosesində də sınayıblar.

ADRA ilə əməkdaşlığın davamı olaraq tələbələrin xalçalarının eskizləri əsasında 6 xalça “Azərxalça”nın emalatxanalarında toxunaraq tədris ilinin sonunda diplom işi kimi təqdim olunacaq. Layihənin ideya müəllifi ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovdur.