XX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri də Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovdur. Rəssamı anadan olmasının 100 illiyi münasibətilə yada saldıq.

Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov 1923-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna qəbul olunur. Onun da gənclik illəri qanlı-qadalı illərə təsadüf edir. II Dünya müharibəsinin başlanması onun ali təhsillə bağlı arzularının üstündən xətt çəkir. Buna baxmayaraq o, yaradıcılıq axtarışlarını davam etdirir, daim öz üzərində işləyir. Rəssam xatirələrində yazır: “Deyirlər ki, mən anadan olanda ağlamaq əvəzinə gülmüşəm. Bundan təşvişə düşən valideynlərim xəstə olduğumu zənn edib. Ona görə də həkim çağırıblar. Həkim də mənə baxır və deyir: - Gülüş sağlamlığın ilkin əlamətidir”.

Nəcəfqulu İsmayılov “Kirpi” jurnalı ilə əməkdaşlığa başlayıb. Otuz ilə yaxın jurnalın baş rəssamı kimi çalışan sənətkar güclü bədii təsir qüvvəsi olan maraqlı karikatura, şarj və başqa qrafik əsərlər yaradıb. Onun C.Məmmədquluzadənin hekayələrinə, Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar böyük maraqla qarşılanıb.

Görkəmli yazıçı Seyfəddin Dağlı onun 50 illik yubileyi ilə bağlı təbrikində yazırdı: “Güldürmək və eyni zamanda düşündürmək ikiqat istedad tələb edir. Belə bir istedada sahib sənətkarın həm də aydın müəllif mövqeyi olmalıdır. Həyatda rast gəldiyi eybəcərlikləri gülüş hədəfinə çevirən satirikin onlara nə məqsədlə atəş açdığı bilinməlidir. Saltıkov-Şedrinin bu barədə bir kəlamını xatırlamaq yerinə düşər: “Satiranın həqiqətən satira olması və məqsədinə çatması üçün o, əvvəlcə öz yaradıcısının hansı idealdan çıxış etdiyini oxucuya hiss etdirməli, ikincisi, neştərinin hansı məsələyə qarşı yönəldiyini aydın başa düşməlidir”. Bu mənada Nəcəfqulunun fırçası öz rənglər dünyasında mənəviyyata, əxlaqa zidd hərəkət sahiblərinin karikaturalarını çəkib”.

Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilən Nəcəfqulu İsmayılov 1958-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Bu fəxri ad onun yaradıcılıq fəaliyyətinə böyük stimul olub, dəzgah rəngkarlığı və qrafika sahəsində həvəslə bir-birindən maraqlı əsərlər ərsəyə gətirib. Onun portret janrında yaratdığı əsərlərinə misal olaraq “Fətəli xan”, “General H.Aslanov”, “Sara Aşurbəyli”, “M.Ə.Möcüz”, “Abdulla Şaiq”, “Ana”, “Cəlil Məmmədquluzadə”, “S.Vurğun”, “M.Hüseynov”, “S.Bəhlulzadə”, “Ü.Hacıbəyli”, “Nəsrəddin Tusi” və s. göstərmək olar.

C.Məmmədquluzadənin portreti çox maraqlı və düşündürücüdür. Əsərdə dramaturq sağ əlində “Molla Nəsrəddin” jurnalının bir nömrəsini tutmuş vəziyyətdə canlandırılıb. N.Tusinin portreti isə Azərbaycanın dahi ensiklopediyaçı aliminin yaradılmış ən uğurlu təsvirlərindən hesab olunur.

N.İsmayılovun süjetli tablo və mənzərələrindən “Nəsiminin edamı”, “Qrand-opera”, “İçərişəhərdə küçə”, “Səadət”, “Realist rəssam” və digər əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Fırça ustası “Realist rəssam” əsərində həyat hadisələrinə özünün vətəndaş münasibətini bildirib. Xalq şairi Bəxtiyar Vahabzadə bu əsəri yüksək qiymətləndirib: “...Əsərin kompozisiya quruluşu və kolorit həlli xüsusi bacarıqla tapılıb. Surətlərin bədii ifadəlilik xüsusiyyətləri və çöhrələrindən “oxunan” gərginlik tamaşaçını həyəcanlandırır”.

Tanınmış sənətkar göründüyü kimi, dərin müşahidə qabiliyyəti və incə yumor duyumuna malik olub. Onun dostluq şarjları – Q.Qarayev, F.Əmirov, S.Hacıbəyli, S.Bəhlulzadə, M.Abdullayev, T.Salahov, M.Hüseynov, “Axır ki, dil tapdıq”, “İtini bəzər, özü lüt gəzər” və s. karikaturaları tamaşaçıda gerçək gülüş doğurur.

Rəngkarlıq, həm də qrafika sahəsində şöhrət qazanmış Nəcəfqulu İsmayılov 25 mart 1990-cı ildə vəfat edib.

Savalan Fərəcov