Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov və digər çıxış edənlər bu günün əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclərlə işi dövlət fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətini uğurla davam etdirir, gənclərlə bağlı dövlət proqramları həyata keçirilir.

Çıxışlarda gənclərin yetişməsində, inkişafında kitabxanaların rolu da qeyd edilib. Tədbirdə iştirak edən gənc yazarlar, Prezident təqaüdçüləri Rizvan Fikrətoğlu, Səddam Laçın şeirlərini söyləyiblər. Gənc yazarlara Milli Kitabxana tərəfindən kitablar hədiyyə edilib.

Tədbir iştirakçıları Gəncləri Günü ilə bağlı hazırlanmış ənənəvi kitab sərgisi və virtual sərgi ilə tanış olublar.

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “GUYS” (“Gəncliyə dəstək üçün ümumi birlik”) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, “GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev, şair, Prezident təqaüdçüsü Ramil Əhməd çıxış ediblər.

Çıxışlarda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən bəhs edilib, bu siyasətin nəticəsi olaraq gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, Gənclər Fondunun, gənclər üçün Prezident mükafatının təsis edilməsi və s. məqamlar diqqətə çatdırılıb. Elm və mədəniyyət sahələrində çalışan gənclərin fəallığından, onların yerli və beynəlxalq layihələrə cəlb olunmalarından söz açılıb.

Kitabxananın əməkdaşları tərəfindən Gənclər Günü ilə bağlı hazırlanan videomaterial, “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir!” adlı biblioqrafik icmal haqqında məlumat verilib.

Sonda kitabxananın əməkdaşlarına “GUYS” İB tərəfindən diplom və təşəkkürnamə təqdim edilib.

***

Fevralın 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və dövlətin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin qonağı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən danışıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər bu sahəyə böyük diqqətin göstəricisidir.

Sonra alim tədbirə qatılan gənclərin suallarını cavablandırıb. E.Əhmədov tədbirin sonunda “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, “Ermənistanın Azərbaycana təcavüzü” və “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitablarını kitabxanaya hədiyyə edib.