Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” filmi İtaliyanın Triest şəhərində keçirilən beynəlxalq kinofestival tərəfindən təşkil edilən “When East Meets West” kinoforumunun “First Cut Lab” proqramında mükafata layiq görülüb. Bu barədə “Cinex” kino şirkəti məlumat yayıb.

Məlumatda bildirilir ki, “First Cut Lab” Avropada kino peşəkarlarına dəstək verən çoxşaxəli proqramdır. Proqrama daxil edilən filmlərin sonrakı mərhələlərdə nüfuzlu beynəlxalq festivallarda premyeraları gerçəkləşir. Bu il proqramda Azərbaycan layihəsindən əlavə Serbiya, Braziliya, İtaliya, Macarıstan, Sloveniya, Belçika, Xorvatiya kinematoqrafiyasını təmsil edən 8 film iştirak edib. Belə rəqabətdə “Mənim sehrli dünyam” ən yaxşı film olaraq seçilib. Münsiflər heyəti filmdə arzuolunmaz situasiyadan qurtulmaqdan ötrü cəmiyyət tərəfindən qəbul edilməyə çalışan iki ayrılmaz dost haqqında klassik əhvalatı tamaşaçıya çatdırmaq üçün müəllifin fərqli janr yanaşmasını xüsusi qeyd ediblər.

Film kənddə özfəaliyyət ansamblında çıxış edən və Bakıda televiziya verilişində çıxış etmək arzusunda olan iki uşaqlıq dostu Babək və Sahildən bəhs edir. Babək yerli kafelərin birində ofisiant işləyən qıza aşiq olur. Bu vurğunluq onun həyat prioritetlərini yenidən nəzərdən keçirib keçmiş həyatından, dostlarından və ailəsindən ayrılmaq qərarına təkan verir. Hekayənin müəyyən bir məqamında bütün arzular dağılır, dostluq sınağa çəkilir. Məsum bir macəra kimi başlayan əhvalat insani faciəyə çevrilir...

“Cinex” və “Ultra Production” şirkətlərinin birgə istehsalı olan filmdə aktyorlar Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Zemfira Əbdülsəmədova və başqaları çəkiliblər. Kinolayihənin prodüserləri Mariya İbrahimova və Emil Nəcəfovdur.

Qeyd edək ki, Elvin Adıgözəl kino ictimaiyyətinə Lokarno, Busan, Tallinn festivallarında iştirak edən “Buqələmun”, “Zülmətdən reportaj”, “Rəna xanım üçün film” kimi işləri ilə tanışdır. “Mənim sehrli dünyam” onun dördüncü tammetrajlı filmidir.