Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Akademiyada 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert keçirilib.

Konsertdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra aparıcı gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində isə "Gənclər gələcəyimizin qurucularıdır" adlı tədbir keçirilib. Tədbirdə Gənclər Gününün tarixi barədə məlumat verilib.

Mədəniyyət mərkəzinin Ələsgər Ələkbərov adına Xalq teatrının üzvlərinin ifasında şeirlər səsləndirilib, "Arşın mal alan" tamaşasından bir parça nümayiş olunub. "Şəlalə" xalq çalğı alətləri, "Oğuzlar" folklor və "Ailə" ansamblları konsert proqramı ilə çıxış ediblər.