AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimovanın “Qəhrəmannamə dastanı” haqqında kitabı işıq üzü görüb.

Yeni nəşr “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə mühüm töhfələr vermiş Əməkdar elm xadimi Şamil Cəmşidovun (1920-2008) xatirəsinə ithaf olunub.

Kitabda Yaxın Şərqdə geniş yayılmış, mövzusu islam dinindən daha öncəki minillikləri əhatə edən mifoloji-tarixi qəhrəmanlıq yazılı dastan abidəsi “Qəhrəmannamə dastanı”nın Əlyazmalar İnstitutunda qorunan əlyazma və əski çap olmaqla səkkiz nüsxəsi öz əksini tapıb. Mövcud nüsxələrin içərisindən seçilmiş XVII əsr, “B-1506” şifri altında mühafizə olunan dastan mətni üzərində aparılmış elmi-paleoqrafik müqayisələr, elmi mənbələr əsasında dini-qəhrəmanlıq dastanları ilə tipoloji təhlil və mətnin müasir Azərbaycan əlifbasına transfoneliterasiyası ilk dəfə oxuculara təqdim edilib.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu, redaktoru Arif Ramazanov, rəyçiləri filologiya üzrə elmlər doktorları – professor Azadə Musayeva və dosent Paşa Əlioğludur.