Xəbər verildiyi kimi, fevralın 6-da yerli vaxtla gecə saat 4:20 radələrində Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,4 bal gücündə zəlzələ ölkənin 10-a yaxın vilayətində hiss edilib. Çoxlu sayda dağıntı və tələfat var.

Zəlzələdən sonra bir neçə saat ərzində silkələnmələr – afterşoklar davam edib. Fevralın 6-da yerli vaxtla saat 14:24-də Kahramanmaraş vilayətində (Elbistan rayonu) 7,6 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələ Türkiyə ilə qonşu Suriyada da böyük dağıntı və tələfat törədib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bütün qüvvələrini zəlzələ baş verən bölgələrə səfərbər edib. Təbii fəlakətlə bağlı açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan 40-dan çox ölkənin Türkiyəyə yardım göndərməyə hazır olduğunu bildirib.

Türkiyəyə ilk yardım əlini uzadan Azərbaycan olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verən Prezident İlham Əliyev qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğumuzu vurğulayıb. “Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, – deyə başsağlığı məktubunda bildirilir.

Dövlət başçısı fevralın 6-da Rəcəb Tayyib Ərdoğanla telefonla da danışıb. Prezident Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib.

İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı bir daha qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını ifadə edib, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib.

Dövlətimizin başçısı deyib ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin çevik xilasedici qüvvələri fevralın 6-da günün birinci yarısında təyyarə ilə Adana şəhərinə yola düşüblər. Həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarənin də hazırlandığı və ən qısa zamanda onun göndəriləcəyi bildirilib.