Xalq sənətinin geniş yayılmış növlərindən biri də təkəlduzdur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib. Hazırda dekorativ sənətin bu zərif növü ilə məşğul olanlardan biri də Günel Məcidovadır.

Uşaq yaşlarından bədii tikmə sənətinə böyük marağı olan Günel Məcidovanın anası Şəkinin tanınmış təkəlduz ustalarından olub. O, anasından bədii tikmənin, demək olar ki, bütün növlərini öyrənib.

Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Günel xanım deyib: “Elə işlər var ki, 3-4 ay üzərində çalışmalı olursan. Məsələn, “Xarıbülbül” işi üzərində 3 ay çalışmışam. Mövzuları özüm seçirəm. Bəzi işlərimin mövzularını isə Şəki Xan sarayının divar rəsmlərindən götürmüşəm. Turistlər daha çox nar şəkli olan işlərə, həmçinin üzəri muncuqlarla bəzədilmiş mobil telefonlar üçün qablara maraq göstərirlər. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra üzərində xarıbülbülün əks olunduğu işləri də həvəslə alırlar. Xarici turistlər daşınması asan olsun deyə nisbətən kiçikölçülü işlərə üstünlük verirlər”.

G.Məcidova hazırda Şəkinin məşhur tarixi abidələri – Xan sarayı, Kiş məbədi, Aşağı karvansara, Dairəvi məbəd və Qala divarlarının giriş qapısının bir kompozisiyada əks olunacağı əl işi üzərində işləyir.

N.Məmmədli