Bölgələrdəki mədəniyyət müəssisələrində Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif səpkili tədbirlər təşkil edilib.

Ağcabədi RMİ. Ağdam rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Tədbirdə Ümummilli liderin gənclərə həmişə yüksək diqqət və qayğı göstərməsindən, gənclərlə bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirməsindən bəhs edilib, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışılıb. Sonra “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı film nümayiş olunub.

***

Gəncə RMİ. Gəncə şəhər Mədəniyyət Mərkəzində rəsm sərgisi təşkil edilib. Mərkəzin rəssamlıq kursu tələbələrinin işlədikləri təbiət mənzərələrindən ibarət tablolar və digər rəsm əsərləri nümayiş etdirilib.

***

İsmayıllı RMİ. İsmayıllı rayon MKS, rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, GİKM-in rayon nümayəndəliyinin birgə tərəfdaşlığı, “İsmayıllı tələbə parlamenti”nin təşkilatçılığı ilə Gənclər Gününə həsr edilmiş tədbir keçirilib. Tələbələrin ifasında rəqslər və musiqilər ifa olunub, səhnəciklər və videoçarxlar nümayiş etdirilib.

***

Ağdaş RMİ. Zərdab rayon Heydər Əliyev Mərkəzi, GİKM-in Zərdab nümayəndəliyi və Veteranlar klubunun birgə təşkilatçılığı ilə “Gənclər siyasətinin təməlində Ulu öndər Heydər Əliyevin siyasi irsi dayanır” mövzusunda tədbir keçirilib.

***

Sumqayıt RMİ. Sumqayıtın Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı tədbir keçirilib. İdarənin rəisi Rəşad Əliyev və başqaları çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açıblar.

C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Gəncliyin xoşbəxtlik çağları” adlı tədbir keçirilib. Yeniyetmə və gənclərin əl işlərindən ibarət “Rəssam fırçasının sehri” adlı sərgi nümayiş olunub.

***

Şəki RMİ. M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Mən həmişə gəncəm” mövzusunda intellektual yarış keçirilib. Yarışmada Mədəniyyət Mərkəzinin və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarından ibarət “Mərkəzim” komandası qalib olub.

Qax rayon Səməd Vurğun adına Mədəniyyət Mərkəzi Qaxingiloy kənd Mədəniyyət evində “Gənclik sabahımızdır” adlı konsert proqramı təşkil edib.

***

Kürdəmir RMİ. Beyləqan rayon mədəniyyət müəssisələri, “Mil” və “İnnovasiya Könüllüləri” ictimai birliklərinin təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri” adlı simpozium keçirilib. Tədbirdə Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin “Odlar yurdu” xalq çalğı alətləri ansamblının konsert proqramı da təqdim olunub.

***

Xaçmaz RMİ-nin təşəbbüsü, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gələcək bizimdir” adlı konfrans keçirilib. Ölkədə həyata keçirilən gənclər siyasəti haqqında çıxışlar səsləndirilib, videoçarx nümayiş etdirilib.

***

Ağstafa RMİ. Ağstafa rayon Mədəniyyət Mərkəzində “Gənclər gələcəyimizdir” adlı tədbir təşkil edilib. Çıxış edənlər Vətən müharibəsində Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, 44 günlük müharibədə qazanılan parlaq Qələbədə gənclərin rolundan danışıblar.

Tovuz Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi üzvlərinin əl işlərinin yer aldığı “Gənclərimiz qürurumuzdur” adlı sərgi təşkil edilib.

Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbində Gənclər Gününə həsr olunan tədbirdə ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu vurğulanıb.

***

Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Bərdə RMİ, rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin bədii özfəaliyyət kollektivinin hazırladığı musiqi proqramı təqdim olunub.

Hazırladı: N.Məmmədli