Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib.

DTA-dan bildirilib ki, təlimdə mədəni irsin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan ICOMOS-un Ənənəvi Memarlıq üzrə Beynəlxalq Komitəsinin (International Committee on Vernacular Architecture – CIAV) prezidenti professor Hossam Mahdi çıxış edib. O, mədəni irs abidələrinin bərpa-konservasiya işlərinin texniki tərəfləri, dövrün tələblərindən asılı olmayan xalq memarlığının əsas formaları və növləri, nümunələr əsasında iqlim, ətraf mühit, yerli mədəniyyət və digər amillərin ənənəvi memarlığa təsirləri barədə ətraflı məlumat verib.

Təlimçi konservasiyanın tarixi və nəzəriyyəsi ilə yanaşı, həm də bərpadan öncə aparılmalı olan dəyərləndirmə işləri, bu zaman istifadə olunan metodologiya, önə çıxan meyarlar barəsində fikirlərini bölüşüb, Azərbaycan və Avropada ənənəvi memarlıq nümunələri arasında müqayisə xarakterli məlumatları diqqətə çatdırıb.

Təlimdə ICOMOS Azərbaycan Milli Komitəsinin üzvləri, gənc memarlar və mədəni irs üzrə ekspertlər iştirak ediblər. Tədbirin sonunda professor Hossam Mahdi iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biri olan ICOMOS maddi mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır, 104 ölkədə milli komitəsi var. ICOMOS Azərbaycan Milli Komitəsi 2022-ci ildə DTA-nın təşəbbüsü ilə yaradılıb.