Bəzən sənətdə iz qoymaq üçün uzun illər, böyük zəhmət lazım olur. Xalqımızın elə istedadlı oğulları da olub ki, çox gənc yaşlarında şöhrətin zirvəsinə qalxa biliblər.

Zərif Qayıbov 23 il yaşayıb. Ancaq bu qısa ömründə usta tarzən kimi tanınıb. Düşünürsən ki, belə istedad və qabiliyyət sahibi əgər uzun ömür yaşasaydı, sənət salnaməmizə nələr bəxş edərdi...

1920-ci ildə Gəncə şəhərində tanınmış maarif xadimi İsmayıl bəy Qayıbovun ailəsində bir oğlan uşağı dünyaya göz açır. Adını Zərif qoyurlar. Zərif erkən çağlardan musiqiyə maraq göstərir. Bunu hiss edən atası yaxın dostu, vaxtilə Qori Müəllimlər Seminariyasında birgə oxuduğu bəstəkar Üzeyir Hacıbəyli ilə məsləhətləşir. 1929-cu ildə onu Gəncə şəhərində musiqi məktəbinin tar sinfinə qoyur. O, tarzən Həmzə Əliyevin sinfində sənətin sirlərinə dərindən yiyələnir. Təhsilini başa vurduqdan sonra Bakıda Musiqi Texnikumuna qəbul olunur. Burada  öz istedad və bacarığı ilə müəllimlərinin sevimlisinə çevrilir.

Texnikumda oxuduğu müddətdə özünü tarzən kimi təsdiq edən Zərif Qayıbov 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak üçün dəvət olunur. Gənc tarzən bu mədəniyyət layihəsində Azərbaycan tarının şöhrətini layiqincə təqdim edir.

Zərif Qayıbov təhsilini başa vurduqdan sonra mütəmadi olaraq klassik əsərlər və muğamlardan ibarət konsert proqramları ilə filarmoniyada çıxışlar edir. İfaları  radio dalğalarında səsləndirilir. O, çalğısında muğamın incəliklərinə xüsusi diqqət yetirir. Sənətdə qazandığı uğurlar onun karyerası üçün də zəmin yaradır. Təyinatla Azərbaycan Opera və Balet Teatrında işə başlayır. Öz üzərində yorulmadan çalışan istedadlı tarzən bir il sonra, 1939-cu ilin oktyabrında Moskvada xalq musiqi alətləri ifaçılarının Ümumittifaq müsabiqəsinə qatılır. İki həftəyə yaxın davam edən yarışmada o, iki dəfə çıxış edir. Birinci çıxışında özünün şah ifası olan “Şur” muğamını, ikinci dəfə isə “Ləzginka” oyun havasını çalır. Onun mahir  çalğısı münsiflər heyəti tərəfindən qiymətləndirilir, müsabiqənin yüksək mükafatına layiq görülür.

Z.Qayıbov 1940-cı ildə doğma yurdu Gəncəyə qayıdır. Orkestr təşkil edərək şəhərin ən yaxşı musiqiçilərini ətrafına toplayır. Kollektiv maraqlı konsert proqramları ilə musiqisevərlərin könlünü oxşayır.

Araşdırmalarda qeyd olunur ki, tarzənin ən məşhur ifalarından biri “Şur” muğamı olur. Görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirov onun ifaçılıq bacarığından danışarkən deyib: “Mən çox tarçalanlar görüb, dinləmişəm... Zərifin çalğısı qeyri-adi, həm də təkrarolunmaz idi. Onun sarı simlərdə gəzişməyinin misli-bərabəri yox idi. Xüsusilə, onun “Şur”una söz ola bilməzdi. Mən Zərifin sarı simlərdə özünəməxsus zərif gəzişməsini heç bir tarzəndə görməmişəm. Zərifin çalğısı özü kimi zərif, incə və düşüncəli idi. Zəriflə keçirdiyim günlər mənə muğamlar içərisində ən çox sevdiyim “Şur”u xatırladır. Zərif “Şur” üçün yaranmışdı”.

Tanınmış tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanov da yetirməsi Z.Qayıbovun məharətli çalğısından bəhs edib: “Zərifin zərif barmaqları, onun musiqi ilə yoğurulmuş qəlbi sanki tar çalmaq üçün yaranmışdı. Mən Zərifə hər hansı bir muğamı öyrədəndə o, həmişə həmin muğamın hər hansı istinad pərdəsinə əsaslanmasını tez qavramağa çalışır, muğam üzərində sərbəst yaradıcılıq işi aparırdı. Lakin nədənsə ən çox “Şur” muğamına meyil edirdi. O, bu muğamı, xüsusən sarı simlərdə özünəməxsus gəzişmələrlə ifa edirdi. Belə bir işdən mən nəinki inciməz, hətta həddindən artıq sevinərdim. Çünki tələbələrimin içərisində ən çox Zərifin “Şur”undan ləzzət alardım”.

Z.Qayıbovun musiqi sənətinə dair bir çox layihə və xəyalları olub. Lakin tale ona bu arzularını gerçəkləşdirməyə vaxt verməyib. 14 dekabr 1943-cü ildə, 23 yaşında Gəncədə vəfat edib.

Belə qeyd olunur ki, Z.Qayıbov ölümündən bir neçə gün əvvəl dostu Fikrət Əmirova, müəllimləri Həmzə və Məhəmmədə “Özünüzə Zərif tapın... Mənimki də bura qədər idi”, – deyib. Onun vaxtsız vəfatı həmkarları, dostları və sənətsevərlər tərəfindən böyük kədərlə qarşılanır. Nakam tarzənin adının əbədiləşdirilməsi üçün təşəbbüs göstərilir. Bu gün Gəncə şəhər 5 nömrəli Uşaq musiqi məktəbi tarzənin adını daşıyır.

Onu da qeyd edək ki, Zərif Qayıbov müstəqil Azərbaycanın ilk baş prokuroru olmuş İsmət Qayıbovun (1942-1991) qardaşıdır.

Savalan Fərəcov