İsmayıllı rayon Mərkəzi Kitabxanasında şəhid Milli Qəhrəman, gizir Mübariz İbrahimovun (1988-2010) doğum günü münasibətilə “Mübariz – Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi” adlı tədbir təşkil edilib. Çıxış edənlər Milli Qəhrəmanın ömür və döyüş yolundan bəhs ediblər.

***

Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbinin kollektivi Mübariz İbrahimovun doğum günü münasibətilə Əliabad kəndində şəhid qəhrəmanın xatirə muzeyini ziyarət ediblər. Muzeydə şagirdlərin Milli Qəhrəmana həsr edilən əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Milli Qəhrəmanın doğum günü münasibətilə Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinə də məktəblilərin ekskursiyası təşkil olunub.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Mübariz İbrahimovun doğum günü ilə əlaqədar keçirilən tədbirdə şəhidə həsr olunan film nümayiş etdirilib.

***

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları Vətən müharibəsinin şəhid kapitanı Samir İslamovun ailəsini ziyarət ediblər. Kitabxananın Uşaq şöbəsinin əməkdaşları isə Milli Qəhrəman, Vətən müharibəsinin şəhid polkovniki Şükür Həmidovun valideynlərinə baş çəkiblər.

***

Samux rayon Mədəniyyət Mərkəzində M.İbrahimovun doğum günü münasibətilə “Qəhrəmanlar ölmür” adlı tədbir keçirilib.

Goranboy rayon Heydər Əliyev Mərkəzində də şəhid Milli Qəhrəmanın anadan olmasının 35-ci ildönümünə həsr olunan tədbir keçirilib. Rayon Mərkəzi Kitabxanası isə “Tarix qəhrəmanlığı unutmur” adlı kitab sərgisi nümayiş etdirib.

N.Məmmədli