Mədəni irsin qorunması, təbliği və turizm infrastrukturunun inkişaf etdirilməsi ilə əlaqədar Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu və Basqal qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda təlim keçirilib.

Treninqi Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova aparıb. Bu barədə muzeydən məlumat verilib.

Bildirilib ki, təlimin məqsədi muzey bələdçilərinin nəzəri və praktik biliklərini artırmaqdan ibarət olub. Təlimdə Basqal qəsəbə Mədəniyyət evinin, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əməkdaşları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri də iştirak ediblər.

Təlimdə elmi-kütləvi işin əsas hissəsini təşkil edən ekskursiyanın mövcud nöqsan və çatışmazlıqları, bələdçilərin nəzəri və praktik bilik səviyyəsi barədə ətraflı məlumat verilib. Sonra suallar cavablandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.