Fevralın 9-da Milli Kitabxanada “Hüseyn Cavid. Biblioqrafiya” və “Hüseyn Cavid. Biblioqrafik göstərici” kitablarının təqdimat mərasimi keçirilib.

Hüseyn Cavidin (1882-1941) 140 illiyinə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən təşkil edilib. Millət vəkillərinin, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin qatıldığı tədbirdə Cavidin yaradıcılıq yolundan, təqdim edilən biblioqrafik nəşrlərin əhəmiyyətindən söz açılıb.

Çıxışlarda qeyd edilib ki, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında mənzum romantik dramaturgiyanın banisi olaraq qəbul edilir. Bu mənada Hüseyn Cavidin çoxcəhətli və zəngin yaradıcılığı çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində yeni və mühüm bir mərhələ təşkil edir. Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması da Hüseyn Cavidin adı ilə bağlıdır.

Vurğulanıb ki, ədibin 140 illiyi münasibətilə hazırlanan hər iki biblioqrafik vəsait Hüseyn Cavid yaradıcılığının tədqiqi və təbliği üçün böyük töhfədir. Bu nəşrlər məzmun baxımından bir-birini təkrar etmir, əksinə tamamlayır.

Tədbirin sonunda qonaqlar “Əbədiyyət şairi – Hüseyn Cavid” mövzusunda geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ədəbiyyatımızın əbədiyyət rəmzi – Hüseyn Cavid” elektron məlumat bazası ilə tanış olublar. Məlumat bazası üç dildə (Azərbaycan, rus, ingilis) istifadəçilərə təqdim olunur.