Bakı Gənclər Mərkəzinin (Suraxanı rayonu Bakıxanov qəsəbəsi) təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyev haqqında “Qayıtsaydım...” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə şəhidin doğmaları və yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları Elman Nəsirov, Fazil Mustafa iştirak ediblər.

Şəhidin həyatı, keçdiyi döyüş yolu haqqında məlumat verilib və sənədli film nümayiş etdirilib.

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda doğulub. Kiçik yaşında ikən ailəsi Bakıya köçüb. Murad Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə C.Naxçıvanski adına Hərbi liseyə qəbul imtahanlarında iştirak edib və yüksək nəticə göstərərək İstanbulda Kuleli Hərbi liseyinə seçilib. 2015-ci ildə liseyi başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib.

Tank komandiri Murad Nağıyev 2020-ci il sentyabrın 27-dən, Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib, oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub.

Bakıda II Fəxri xiyabanda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları (2020), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (2022) ilə təltif edilib.