Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət evində Vətən müharibəsi şəhidi Tacir Cəfərovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

 

***

 

Kürdəmir RMİ-də Aprel döyüşlərinin şəhid hərbi pilotu, baş leytenant Əbu Bəkr İsmayılovun (1990-2016) doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. İdarə rəisi Faiq Xudanlı və tədbir iştirakçıları Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb, şəhidin qəhrəmanlıq yolu haqqında ətraflı söz açıblar.

 

***

 

Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyi və Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Elnur Həsənovun ailəsini ziyarət ediblər. Görüşdə şəhidin döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən yazılmış şanlı Zəfər tarixinə nəzər salınıb.

 

***

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə Bədəlan kənd tam orta məktəbində “Qəhrəmanları tanıyaq” başlığı altında qazilərlə şagirdlərin görüşü keçirilib.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Qisası alınan torpaq” adlı sərgi təşkil edilib. Fevralın 27-dək davam edəcək sərgidə Xocalı soyqırımını özündə əks etdirən fotolar, o cümlədən faciədən bəhs edən kitablar nümayiş olunur.

 

***

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Muğam Mərkəzində Milli Qəhrəman, I Qarabağ müharibəsi şəhidi Canpolad Rzayevin (1968-1992) xatirəsinə həsr edilmiş sənədli filmin təqdimatı olub. Çıxış edənlər Canpolad Rzayevin döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. “Salnaməfilm” studiyası tərəfindən hazırlanmış “Canpolad” filminin rejissoru Elşən Zeynallıdır.

N.Məmmədli