Mənzil-qərargahı Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) ilə Nazarbayev Universiteti türkologiya və avrasiyaşünaslıq sahələrində əməkdaşlıq edəcək.

Bu məsələ BTA-nın prezidenti akademik Şahin Mustafayevin Nazarbayev Universitetinin rektoru Şigeo Katsu ilə görüşündə müzakirə olunub.

Görüş zamanı Ş.Mustafayev və Ş.Katsu BTA və Nazarbayev Universiteti arasında türkologiya və avrasiyaşünaslıq sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Sənəd Nazarbayev Universitetində türkologiya üzrə magistr və doktorantura proqramlarının açılmasını dəstəkləmək məqsədi daşıyır.

Qeyd edək ki, 2022-ci ildən Beynəlxalq Türk Akademiyasına Azərbaycandan Şahin Mustafayev rəhbərlik edir. Bundan öncə (2014-cü ildən) Qazaxıstandan Darhan Kıdırali akademiyanın prezidenti idi.