Yerlərdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

Kürdəmir RMİ. Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində tarix dərsi keçirilib. “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda dərsdə Ulu öndərin dövlətçilik tarixindəki yerindən ətraflı söz açılıb.

Regional idarənin Füzuli rayon nümayəndəliyinin təşkilatçılığı ilə Babı kənd Mədəniyyət evində “Heydər Əliyev – 100” adlı sərgi keçirilib. Sərgidə Mədəniyyət evindəki rəsm dərnəyinin üzvü, gənc həvəskar rəssam Aysu Məmmədovanın 30-dan çox əl işi nümayiş olunub.

 

***

 

Sabirabad RMİ. Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin yaşayan və yaşadan ideyaları” adlı tədbir keçirilib. Qeyd olunub ki, Ulu öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Tədbirin sonunda Heydər Əliyevin 100 illiyi ilə bağlı videoçarx nümayiş etdirilib.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin kino zalında Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev. Dünyaya pəncərə” sənədli filmi nümayiş etdirilib. Filmin rejissoru Xalq artisti Eldar Quliyev, ssenari müəllifləri Aydın Dadaşov və Eldar Quliyevdir.

Saatlı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, bununla bağlı qəbul etdiyi qərarlardan danışıblar.

 

***

 

Masallı RMİ. Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Təhsil Sektoru ilə birgə “Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşən tədbirdə F.Dəmirov adına Təklə kənd tam orta məktəbi və 2 saylı Təzə Alvadı kənd tam orta məktəbinin bir qrup şagirdi iştirak edib.

 

***

 

Şəki RMİ. Şəki şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib. Tədbirdə eyniadlı videoçarx nümayiş etdirilib.

Zaqatala rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin hamisidir” mövzusunda tədbir təşkil olunub. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi, rayon Heydər Əliyev Mərkəzi, C.Cabbarlı adına Mərkəzi Kitabxana və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” mövzusunda elmi konfrans keçirilib.

 

***

 

Ağstafa RMİ. Ağstafa rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Qeyd olunub ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Sən elə bir zirvəsən...” mövzusunda tədbir keçirilib. Bildirilib ki, ölkəmiz Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində dünyada layiqli yerini tutub.

Nurəddin Məmmədli