14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə bölgələrdə müxtəlif tədbirlər təşkil edilib.

İsmayıllı RMİ. Şamaxı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə əlamətdar gün münasibətilə tədbir keçirilib. Çıxışlarda kitab və mütaliənin əhəmiyyəti qeyd olunub.

 

***

 

Xaçmaz RMİ. Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Mənə kitab bağışla” adlı tədbir keçirilib. “14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür” adlı sərgi nümayiş olunub.

 

***

 

Ağstafa RMİ. Ağstafa rayon Mərkəzi Kitabxanasında “Kitab tutan əllər” mövzusunda tədbir keçirilib. Çıxışçılar mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitabın xüsusi rolundan bəhs ediblər.

 

***

 

Biləsuvar RMİ. Salyan Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları rayonun Ə.Kürçaylı adına texniki fənlər təmayüllü məktəb-liseyin icma əsaslı məktəbəqədər təhsil qrupunda qonaq olub və uşaqlara nağıl və şeir kitabları hədiyyə ediblər.

 

***

 

Gəncə RMİ. Gəncə şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsi K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə “Dünyanı kitablarla tanıyaq” başlığı altında kitab sərgisi təşkil edib.

MKS-nin 15 saylı kitabxana filialı isə “Kitabsız bir ömrün nə mənası var?” başlığı altında tədbir keçirib. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri “Bir qalanın sirri” filmindən Elşənin kitablarla olan söhbətini səhnəcik formasında təqdim ediblər.

N.Məmmədli