Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1977-ci il 8 fevral

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev aralarında mədəniyyət xadimləri də olan bir qrup şəxsə “Sosialist Əməyi Qəhrəmanı” adı, SSRİ-nin orden və medalları ilə təltif olunmaları haqqında fərmanları təqdim edib.

 

1977-ci il 8 iyun

 

Heydər Əliyev Sov. İKP MK-nın Təbliğat şöbəsi, Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsi və SSRİ Jurnalistlər İttifaqı tərəfindən təşkil olunmuş respublika və vilayət qəzet və jurnallarının, radio və televiziya redaktorlarının zona müşavirəsinin iştirakçılarını qəbul edib. Görüşdə mətbuatın aktual məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

1977-ci il 7 iyul

 

Azərbaycan KP MK-nın Birinci katibi, xalq deputatı Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 5-ci sessiyasında məruzə edib. Məruzədə mədəniyyət sahəsinin inkişafı ilə bağlı məsələlərə də toxunulub.

“...Kitabxanalar, mədəniyyət evləri və klublar şəbəkəsinin daha da genişləndirilməsi və onların işinin yaxşılaşdırılması məsələlərinə daim diqqət yetirməlidirlər. Şəhər və kəndlərimizi, müəssisələrin, kolxoz və sovxozların ərazisinin abadlaşdırması sahəsində Sovetlərin qarşısında böyük vəzifələr durur. Biz hər bir yaşayış məntəqəsini yüksək məhsuldar əmək, yüksək mədəniyyət, nümunəvi ictimai asayiş şəhərinə və kəndinə çevirməliyik...”.

 

1977-ci il avqust

 

“Sovetskiy Soyuz” jurnalının 8-ci nömrəsində Heydər Əliyevin məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın keçdiyi inkişaf yolu kontekstində mədəni-maarif işinə də toxunulub. 

 

1977-ci il 5 oktyabr

 

Azərbaycan KP MK-nın Birinci katibi, SSRİ xalq deputatı Heydər Əliyev 9-cu çağırış SSRİ Ali Sovetinin 7-ci növbədənkənar sessiyasında çıxış edib. Növbədənkənar sessiya (4-7 oktyabr) SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı çağırılmışdı. Heydər Əliyev geniş məzmunlu çıxışında Azərbaycanda digər sahələrlə yanaşı, mədəniyyət sahəsinin inkişafından, mədəni-maarif işinin respublikanın ucqar bölgələrini də əhatə etməsindən danışıb.

 

***

 

Mədəniyyət sahəsində qabaqcıl fəaliyyət, incəsənət, ədəbiyyat xadimlərinin yaradıcılığı dövlət tərəfindən təşviq edilirdi.

 

1977-ci il 4 yanvar

 

Azərbaycan sovet ədəbiyyatının inkişafında хidmətlərinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq yazıçı Vidadi Babanlı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə təltif olunsun.

 

1977-ci il 14 yanvar

 

Azərbaycan ədəbiyyatının inkişafında хidmətlərinə görə yazıçı Süleyman Vəliyevə “Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

 

1977-ci il 28 yanvar

 

Azərbaycan balet sənətinin inkişafında хidmətlərinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq SSRİ Xalq artisti Leyla Vəkilova Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.

 

1977-ci il 18 iyul

 

Monumental və dəzgah heykəltəraşlığının inkişafında хidmətlərinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq respublikanın Xalq rəssamı, SSRİ Rəssamlar Akademiyasının müxbir üzvü Tokay Məmmədov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

1977-ci il 25 avqust

 

Arxitektura sahəsində хidmətlərinə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan Arxitektorlar İttifaqı İdarə heyəti sədrinin birinci müavini, Əməkdar arxitektor Tələt Xanlarov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmani ilə təltif edilib.

 

1977-ci il 19 oktyabr

 

Respublikada bədii özfəaliyyətin inkişafında xidmətlərinə və zəhmətkeşlərin bədii özfəaliyyət yaradıcılığının 1-ci Ümumittifaq festivalının hazırlanmasında və keçirilməsində fəal iştirak etdiklərinə görə festivalın yekun konsertinin quruluşçu rejissoru Əli Usubova “Əməkdar incəsənət xadimi”, bir qrup mədəniyyət işçisinə, o cümlədən özfəaliyyət kollektivlərinin bədii rəhbərlərinə “Əməkdar incəsənət işçisi” fəxri adı verilib.

Bundan əlavə, respublikada bədii özfəaliyyətin inkişafında xidmətlərinə və festivalın keçirilməsində fəal iştirakına görə bir qrup incəsənət xadimi və mədəniyyət işçisi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. Təltif edilənlər arasında rəssam Mikayıl Abdullayev, bəstəkarlar Tofiq Quliyev, Süleyman Ələsgərov, rəqqasə-baletmeyster Xumar Zülfüqarova, aşıq İsfəndiyar Rüstəmov (Gədəbəy) və başqaları vardı.

Həmçinin festivalda fəal iştirak etmiş bədii özfəaliyyət kollektivləri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər: Salyan rayon Mədəniyyət evinin “Cəngi” zurnaçılar ansamblı, Ucar rayon Mədəniyyət evinin xor kollektivi, Sumqayıt şəhərində N.Nərimanov adına Mədəniyyət evinin nəfəs alətləri orkestri, Kirovabad (Gəncə) şəhərində Maarif işçiləri evinin “Gəncə” xalq estrada orkestri, İliç (Şərur) rayon Mədəniyyət evinin “Yallı” xalq rəqs ansamblı, Lənkəran rayon Mədəniyyət evinin “Şənlik” mahnı və rəqs ansamblı və s.

Hazırladı: V.Orxan

(davamı var)