Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə şagirdlər tərəfindən ədəbi dilimizin poetik incəliklərini təcəssüm etdirən şeir nümunələri səsləndirilib, görkəmli Azərbaycan şairləri Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmmədhüseyn Şəhriyarın obrazları timsalında səhnəciklər, eləcə də milli və klassik rəqs kompozisiyaları nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin ana dilimizlə bağlı dəyərli fikirlərinin yer aldığı  videoçarx nümayiş olunub. Qeyd olunub ki, dil xalqın simasını səciyyələndirən mühüm amillərindən biridir: “Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, ictimaiyyətlə ünsiyyət qurmasında mühüm faktordur. Dil xalqın varlığının təzahürü və qan yaddaşıdır”.

Tədbirdə dilimizin zənginliyinə dair Azərbaycanın mütəfəkkir alim və ədiblərinin kəlamlarından sitatlar gətirilib. Sonda BXA-nın Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi nümayiş edilib.