Bu il Xalq yazıçısı, kinodramaturq, tərcüməçi Ənvər Məmmədxanlının (1913–1990) anadan olmasının 110 illiyidir. Bu münasibətlə görkəmli ədibin həyat yolu və yaradıcılığı ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırırıq.

Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü ildə Göyçay şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumuna qəbul olunub. Təhsilini başa vurub ixtisası üzrə müxtəlif müəssisələrdə işləyib. Eyni zamanda Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) qiyabi oxuyub. Sonra Moskvada Ali Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Ədəbi fəaliyyətə 30-cu illərdə başlayan yazıçının “Burulğan”, “Bakı gecələri” (hekayələr), “Balaca Nərgiz”, “Hekayələr”, “Qızıl qönçələr”, 2 cildlik “Seçilmiş əsərləri”  və s. kitabları işıq üzü görüb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. “Şərqin səhəri” (1947), “Od içində” (1951) pyesləri, “Şirvan gözəli” (1957) lirik komediyası tamaşaya qoyulub. “Şirvan gözəli” “Zaqafqaziya teatr baharı” festivalında I dərəcəli diploma layiq görülüb. 1957-ci ildə Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri isə SSRİ Dövlət mükafatına layiq görülsə də, mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Ənvər Məmmədxanlı “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiyasının baş redaktoru olub, maraqlı kinossenarilər yazıb. Ssenariləri əsasında “Babək”, “Bəxtiyar” (1942, qısametrajlı film), “İntizar”, “Cazibə qüvvəsi” və s. filmlər çəkilib. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1963-cü ildə “Əməkdar incəsənət xadimi”, 1987-ci ildə “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb. Yazıçı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib.

 

“Sən necə fevralın 29-da anadan ola bilərsən...”

 

Mənbələrdə Ənvər Məmmədxanlının doğum günü 29 fevral göstərilsə də, əslində, 1913-cü ildə fevral 28 gün olub. Məlumdur ki, təqvimdə fevral 4 ildən bir 29 gün olur və o, mütləq cüt rəqəmli ilə (1904, 1908, 1912 və s.) düşməlidir. Ə.Məmmədxanlının yaxınları isə doğum gününü, hər il olsun deyə, 28 fevralda qeyd edirmişlər. Xalq yazıçısı Anar “Həyatım ağrıyır” xatirə-povestində bu barədə yazır: “1913-cü il fevralın 28-i Ənvər Məmmədxanlının doğum günü deyil. Ənvər Məmmədxanlı fevralın 29-da anadan olub və fevralın 29-u ancaq dörd ildən bir olur. Ailədə (Xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olublar) biz həmişə bu mövzuda zarafat edərdik. Bir zaman hətta elə düşünürdük ki, dəbdəbəni, hay-küyü sevməyən Ənvər qəsdən, ad gününü qeyd eləməməkçün belə bir günü – hər il olmayan bir günü – özünün ad günü elan edib. Axı sən necə fevralın 29-da anadan ola bilərsən ki, 1913-cü ildə fevral 28-dən olub? – deyirdik və bizə elə gəlirdi ki, bu tutarlı dəlillə onun “uydurmasını” ifşa edəcəyik. Ənvər gülümsünür: – Bəs onu bilmirsiniz ki, o vaxtdan bəri təqvim dəyişib və on üç gün qabağa çəkilib? Amma hər halda hər il bu gün, yəni il 29-dan olanda 29-da, 28-dən olanda 28-də onun evinə gedər, təbrik edərdik”.

Bu qarışıq təqvim “haqq-hesabı”ndan belə nəticəyə gəlmək olar ki, yazıçı 1913-cü ildə köhnə təqvimlə fevralın 16-da doğulub. 1918-ci ildən sonra yeni təqvimə keçilərkən (13 gün əlavə olunmaqla), avtomatik olaraq 16-nın üzərinə 13 əlavə olunub və sənədlərdə də 29 fevral göstərilib. Fərqinə də varılmayıb ki, 1913-cü ildə fevral qısa ay olub. Bu hesablamanı əsas götürsək, Ənvər Məmmədxanlının doğum günü yeni təqvimlə 1 mart edir...

 

“Burulğan”dan başlanan ədəbiyyat yolu

 

Ə.Məmmədxanlı ədəbiyyata 1934-cü ildə qələmə aldığı “Burulğan” povesti ilə gəlib. Povest 30-cu illər üçün xarakterik olan fəhlə həyatı mövzusunda yazılıb. Tənqidçi, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli “Günəş doğacaq, qönçələr açılacaq” məqaləsində qeyd edir ki, “Burulğan”da  Ə.Məmmədxanlının gələcək nəsr və dram əsərləri üçün səciyyəvi olacaq fərdi üslubu aydın nəzərə çarpır. O, müxtəlif mövzulu əsərlərində həmin fərdiliyə sadiq qalıb.

 

“37”ni qaytara bilməzsiniz!”

 

Yazıçı Mövlud Süleymanlının “Dəyirman” povesti haqsız tənqidlərə məruz qalanda Ə.Məmmədxanlı onun müdafiəsinə qalxıb. 37-ci ildə Azərbaycan ziyalılarını təpiklə, yumruqla döyən NKVD müstəntiqlərinin varislərinə həmin iclasda: “Bəsdir daha, keçməz o məşum illərin oyunları, o illəri qaytara bilməyəcəksiniz”, – deyib.

 

Küsüb-barışan yazıçılar

 

Ə.Məmmədxanlının Xalq yazıçısı Mehdi Hüseynlə çox qəribə münasibətləri olub. Gah küsüb, gah da barışıblar. Bir gün respublikanın rəhbəri Mir Cəfər Bağırov hər iki yazıçıya neftçilər mövzusunda birlikdə ssenari yazmağı təklif edib. Hər ikisi birlikdə işləməkdən imtina etsələr də, bir neçə il sonra “Fətəli xan” (1947) filminin ssenarisini birgə yazıblar.

 

Mükəmməl film – yarımçıq roman

 

Yazıçının ssenarisi əsasında 1979-cu ildə “Babək” filmi (rejissor Eldar Quliyev) lentə alınıb.  Ə.Məmmədxanlı ömrünün müdrik çağlarında “Babək” romanını qələmə alır. Ancaq əsəri tamamlamağa ömür vəfa etmir. Onun ölümündən sonra Anar həmin romanı və “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib. Xalq yazıçısı Anar bu barədə belə deyib: “Ənvər Məmmədxanlı ömrünün son iyirmi ilində Babək mövzusu üzərində işləyirdi. Nə yazıq, əcəl yazıçıya bu romanı tam şəkildə oxucusuna çatdırmaq imkanı vermədi. Ənvər müəllim yaradıcılıq prosesi haqqında heç kəslə, ən yaxın adamlarıyla belə danışmağı sevməzdi, roman üzərində işin nə yerdə olduğunu, əsərin bitməsi möhləti haqqında sorğu-suallarımızı da zarafata salıb cavabsız qoyardı. Yazıçının qəfil ölümü, yaradıcılıq irsi haqqında bir vəsiyyət edə bilməməsi romanın taleyini də məchul, müəmmalı bir problemə çevirdi”.

Yazıçının bacısı Həbibə Məmmədxanlının fədakarlığı, inadı və səbri ilə “Babək” romanının birinci hissəsi tapılıb. Bu roman ərəb əlifbası ilə karandaşla yazılıb. Çapa hazırlanmış əlyazması romanın birinci hissəsidir və buradakı hadisələr Babəkin yalnız gənclik illərini əhatə edir. Əlyazmasının sonunda birinci hissənin bitirilmə tarixi kimi 1984-cü il göstərilib, 1983-cü ildə “Bakı” qəzetinin 10, 11, 13, 14 və 16 may tarixli nömrələrində dərc olunmuş fəsil də birinci hissəyə aiddir.

Anar bu barədə yazır: “Babək” romanının ikinci hissəsi, ya heç olmasa, ayrı-ayrı fəsilləri varmıdır? Bu suala hələ ki, tam dəqiq cavab vermək mümkün deyil, bunun  üçün yazıçının arxivində uzun illər araşdırmalar aparmaq lazımdır”.

Hazırladı: N.Məmmədli