Azərbaycan

 

24 fevral 1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

24 fevral 1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881 – 24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

24 fevral 1922 – Teatrşünas, sənətşünaslıq namizədi Adilə Mirzə qızı İsmayılova (1922 – 24.11.1985) Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) prorektoru işləyib.

24 fevral 1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

24 fevral 1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə (1934 – 20.12.2019) Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.

24 fevral 1941 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Sidqi Mustafayev (1941 – 12.4.2021) Bakının Balaxanı kəndində  doğulub.  “İrs” folklor ansamblının yaradıcılarından biri və uzun illər bədii rəhbəri olub.

24 fevral 1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında məşhur tamaşalara (“Səni axtarıram”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) quruluş verib.

24 fevral 2022 – Əməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (17.5.1938 – 2022) vəfat edib. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.

 

25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi,  Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.

25 fevral 1929 – Əməkdar incəsənət xadimi, qoboy ifaçısı, pedaqoq Azər Canbaxış oğlu Abdullayev (1929 – 18.6.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.

25 fevral 1948 – Əməkdar rəssam Fikrət Məmməd oğlu Haşımov (1948 – 8.2.2022) Naxçıvan MR Şahbuz rayonunda doğulub. İki əsəri Moskvada Tretyakov Qalereyasında saxlanılır. Türkiyədə pedaqoji fəaliyyət göstərib. Bakıda İncəsənət Kollecinin direktoru olub.

25 fevral 2022 – Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov (5.2.1930 – 2022) vəfat edib. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, mahnı və təsniflərin müəllifidir.

 

26 fevral 1892 – Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Konservatoriyanın professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.

26 fevral 1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879-1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.

 

27 fevral 1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

27 fevral 1984 – Aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.

 

28 fevral 1894 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 – 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə” və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.

28 fevral 1908 – Tanınmış türkoloq, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-1965) Bakıda anadan olub.

28 fevral 1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 – 4.1.2000) Kazan şəhərində doğulub. 1938-ci ildən Akademik Dram Teatrının aktrisası olub, 1993-cü ildən Bakı Bələdiyyə Teatrında çalışıb. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

28 fevral 1940 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (1940 – 29.11.1994) anadan olub. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyaların müəllifidir.

28 fevral 1944 – Əməkdar artist, tanınmış müğənni Nəzakət Əli qızı Məmmədova (1944 – 21.10.1980) Gəncə şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.

 

Dünya

 

24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu tərtib edib.

 

25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.

25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841-1919) anadan olub.

25 fevral 1871 – Ukrayna ədəbiyyatının klassiki, yazıçı, şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871-1913) anadan olub.

25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907-1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.

 

26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564-1593) anadan olub.

26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 – 22.5.1885) anadan olub. “Səfillər”, “Gülən adam”, “Paris Notr-Dam kilsəsi” və s. romanların müəllifidir.

 

27 fevral 1902 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck; 1902 – 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.

27 fevral 1912 – İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell; 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.

27 fevral 1932 – Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 – 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

 

28 fevral 1892 – Müasir Türkiyə teatrının qurucularından biri, kino aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.

28 fevral 1893 – SSRİ Xalq artisti, kinorejissor Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.

Hazırladı: V.Orxan