Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

175 il əvvəl...

 

24 fevral 1848-ci ildə Fransada növbəti burjua inqilabı nəticəsində Kral Lui-Filipp taxtdan salınıb. İkinci Fransa Respublikasının yarandığı elan edilib.

 

112 il əvvəl...

 

28 fevral 1911-ci ildə Bakıda Opera Teatrının (indiki Akademik Opera və Balet Teatrı) açılışı olub. Açılış gecəsində M.Musorqskinin “Boris Qodunov” operası oynanılıb. 1928-ci ildə sənət ocağı Dövlət Böyük Opera Teatrı, 1934-cü ildə M.F.Axundzadə adına Opera və Balet Teatrı adlandırılıb.

 

106 il əvvəl...

 

27 fevral 1917-ci ildə Rusiyada Fevral (burjua) inqilabı başlanıb. Petroqradda (Sankt-Peterburq) silahlı toqquşmalar nəticəsində hakimiyyət iflic olub. Martın 2-də Çar II Nikolay taxt-tacdan imtina etməyə məcbur oldu. Üç əsr sürən Romanovlar sülaləsinin mütləqiyyəti sona çatdı. Müvəqqəti hökumət quruldu.

 

102 il əvvəl...

 

25 fevral 1921-ci ildə Cənubi Qafqaza yürüşünü davam etdirən bolşevik Rusiyasının ordu hissələri Azərbaycan və Ermənistandan sonra Gürcüstanda da sovet hakimiyyətini elan edib. 1918-1921-ci illərdə fəaliyyət göstərmiş Gürcüstan Respublikasının mövcudluğuna son qoyulub.

 

26 fevral 1921-ci ildə Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd də yer almışdı. Çar Rusiyasının İrana tətbiq etdiyi əsas qadağalar (o cümlədən Xəzərdə hərbi donanma saxlamağa qadağa) yeni müqavilədə qüvvədə qalmışdı.

 

97 il əvvəl...

 

26 fevral 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay açılıb. Martın 6-dək davam edən qurultayda Sovet İttifaqı və xarici ölkələrdən 100-dən çox nümayəndə iştirak edib. SSRİ-də yaşayan türkdilli xalqların əksəriyyətinin təmsil olunduğu qurultayda latın qrafikalı yeni əlifbaya keçidin prinsipləri də işlənib hazırlanmışdı.

 

37 il əvvəl...

 

28 fevral 1986-cı ildə İsveçin Baş naziri Ulof Palme Stokholmda həyat yoldaşı ilə kinoteatrdan evinə piyada qayıdarkən qətlə yetirilib. Qətllə bağlı bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilsə də, icraçı və sifarişçisini müəyyən etmək mümkün olmadı, 2020-ci ildə işə xitam verildi.

 

35 il əvvəl...

 

27 fevral 1988-ci ildə Sumqayıtda erməni ekstremistlərin və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat törədilib. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. “Sumqayıt olayları” SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və azərbaycanlıları ermənilərə düşmən kimi dünyaya tanıtmaq, Qarabağda başlanan separatçılığa haqq qazandırmaq məqsədi daşıyırdı. Bandit dəstəyə başçılıq edən Eduard Qriqoryana məhkəmə 12 il iş verdi, amma o, SSRİ dağılandan sonra azadlığa çıxdı.

 

31 il əvvəl...

 

26 fevral 1992-ci ildə erməni silahlı dəstələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin də iştirakı ilə Azərbaycanın  Qarabağ bölgəsindəki Xocalı şəhərində soyqırımı törədiblər. 613 nəfər azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb.

 

28 fevral 1992-ci ildə Azərbaycan Respublikası ABŞ  və Hindistanla diplomatik münasibətlər qurub. ABŞ Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də, Hindistan isə dekabrın 26-da tanımışdı.

 

30 il əvvəl...

 

28 fevral 1993-cü ildə erməni terror qrupunun Rusiyanın Şimali Qafqaz dəmiryolunda – Qudermes stansiyası (Çeçenistan) yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Hazırladı: V.Orxan