Xalq artisti Kövkəb Səfərəliyeva haqqında kitab təqdim edilib

 

Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu, maarifçi, professor, Xalq artisti Kövkəb Səfərəliyevaya (1907-1985) həsr olunmuş “Bizim böyük müəllimimiz” kitabı işıq üzü görüb.

Fevralın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kitabın təqdimatı keçirildi. Təqdimat “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin və muzeyin təşkilatçılığı ilə gerçəkləşdi. Kitabın müəllifi K.Səfərəliyevanın yetirməsi, musiqiçi-pedaqoq Şərafət Əliyeva-Əzizovadır.

Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Aparıcı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı K.Səfərəliyevanın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışdı. O, yeni kitabın musiqi ictimaiyyətinə töhfə olduğunu diqqətə çatdırdı.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, K.Səfərəliyeva adına 16 nömrəli Musiqi məktəbinin direktoru Fikrət Budaqov da kitabın əhəmiyyətini vurğuladılar. Bildirildi ki, bundan əvvəl Adilə Mailova rus dilində yazdığı kitabda K.Səfərəliyevanın həyat və fəaliyyətini geniş təhlil etmişdi. Azərbaycan dilində hazırlanan yeni nəşr isə əlavə materiallarla zənginləşdirilib və görkəmli musiqi xadiminin zəngin irsinin dolğun çatdırılmasına xidmət edir. Kitabda həmçinin Azərbaycan musiqiçilərinin böyük bir nəslinin həyat və fəaliyyətinə də işıq salınıb.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Naibə Şahməmmədova, gənc pianoçular, beynəlxalq müsabiqələr laureatları Jalə İslamova, Cəmil Sədizadə və 16 nömrəli Musiqi məktəbinin şagirdləri K.Səfərəliyevaya ithaf olunan konsert proqramı ilə çıxış etdilər. Tədbir boyu muzeyin kolleksiyalarından görkəmli musiqi xadiminin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou nümayiş olunurdu.

L.Azəri