Biblioqrafiya və seçmə şeirlər

 

Azərbaycanın istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi ilə əlaqədar Milli Kitabxana tərəfindən “Əhməd Cavad. Biblioqrafiya”, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən isə “Əhməd Cavaddan seçmə şeirlər” kitabları nəşr etdirilib.

Fevralın 22-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və TÜRKSOY-la birlikdə hər iki nəşrin təqdimatı keçirilib. Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev də iştirak edib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə hər iki nəşrin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, kitabxana tərəfindən tərtib olunan biblioqrafiya görkəmli şair haqqında son vaxtlara qədər çap olunan bütün materialları əhatə edir.

Milli Kitabxananın TÜRKSOY-la 2006-cı ildən etibarən əməkdaşlıq etdiyini deyən K.Tahirov bildirib ki, bu ənənə davam etməkdədir.

TÜRKSOY-un baş katibi Sultan Raev rəhbərlik etdiyi təşkilatın Türk dünyasının bir çox mədəniyyət, ədəbiyyat xadimlərinin yaradıcılığının işıqlandırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. O, Azərbaycan şeir sənətinin görkəmli nümayəndələrindən olan, qiymətli əsərlər müəllifi Əhməd Cavad haqqında kitabların hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, nazirlik  TÜRKSOY-la birlikdə bir çox layihələr həyata keçirib. Bu layihələr Türk dünyasının gücünün, zəngin mədəni irsinin göstəricisidir. Əhməd Cavadın Ankarada heykəlinin qoyulması, eləcə də silsilə tədbirlərin təşkili TÜRKSOY-un ona verdiyi dəyərin nümunəsidir. Əhməd Cavad 45 illik ömrü çərçivəsində böyük Turan elini özünə sığdıran bir ədibdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, Əhməd Cavad daima türk xalqlarının birliyi üçün çalışıb. Bu baxımdan “Çırpınırdın, Qara dəniz” şeiri çox böyük əhəmiyyətə malikdir. O, Türkiyədə Əhməd Cavadın kitabının nəşr olunmasına çox şad olduğunu bildirib.

TÜRKSOY-u Türk dünyasının UNESCO-su adlandıran AMEA-nın prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, himn yazmaq böyük bir tarixdir. Himnimizin sözlərinin müəllifi olan Ə.Cavad bununla öz adını Azərbaycan tarixinə qızıl hərflərdə həkk edib. Akademik Milli Kitabxananın hazırladığı biblioqrafiyadan bəhs edərək deyib ki, bu nəşr dahi ədəbin əsərlərinin tədqiq olunmasında çox böyük əhəmiyyətə malikdir və yeni tədqiqatların başlanğıcı olacaq.

Tədbirdə Əməkdar elm xadimi Qəzənfər Paşayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, Mədəniyyət Nazirliyinin TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, ADPU-nun Türk araşdırmaları bölməsinin müdiri professor Elman Quliyev Əhməd Cavadın yaradıcılığından söz açıb, onun adının Azərbaycan və ümumtürk ədəbi irsində daima yaşayacağını qeyd ediblər. Vurğulanıb ki, maarifçi və ictimai xadim Əhməd Cavad bizim ədəbiyyatımızın, mədəniyyətimizin, istiqlal tariximizin böyük şəxsiyyətidir.

Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ailəsinin adından çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və TÜRKSOY-a təşəkkürünü bildirib.

Sonda professor Sultan Raev son illər ərzində TÜRKSOY-la sıx əməkdaşlığa görə Azərbaycan Milli Kitabxanasına təşkilatın xatirə hədiyyəsini təqdim edib.

Qonaqlar “Milli istiqlal şairi Əhməd Cavad” adlı geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “İstiqlal şairi – Əhməd Cavad” adlı elektron məlumat bazası ilə tanış olublar. Məlumat bazası üç dildə (Azərbaycan, rus, ingilis) istifadəçilərə təqdim olunur.