Rusiyanın Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Lensovet adına Mədəniyyət Sarayında gerçəkləşən tədbir “Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilib.

Öncə Xocalı soyqırımı qurbanlarının və Türkiyədəki dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

“Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Özgün Talu çıxış ediblər.

Xocalı soyqırımı haqqında danışan natiqlər qeyd ediblər ki, məhz azərbaycanlı olduqlarına görə həmin müdhiş gecə aralarında 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” layihəsi çərçivəsində hazırlanmış videoçarx təqdim olunub.

Anım tədbiri klassik musiqinin və şeirlərin səsləndirilməsi, Xocalı hadisələri ilə bağlı şahidlərin kədərli hekayələrinin oxunması ilə davam edib.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, döş nişanları və “Sonsuz dəhliz” filminin diskləri hədiyyə olunub.