Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar “NUR Art House” qalereyası və “Arts Council Azerbaijan” təşkilatı tanınmış fransız rəssamı və heykəltəraşı Reno Baltzingerin əsərlərinin ekspozisiyasını təqdim edib. Qalereyada açılan sərgidə Xocalı soyqırımına həsr edilmiş 9 tablo nümayiş olunur. Bu, rəssamın incəsənət vasitəsilə insanları soyqırımlardan çəkindirməyə çağıran 70-ə yaxın əsərindən seçmələrdir.

Əsərlər ilk dəfə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində və müəllifin doğma şəhəri Metsdə nümayiş olunub. Müəllif Xocalı faciəsi haqqında Fransanın Azərbaycandakı Səfirliyində mədəniyyət məsələləri üzrə müşavir işləmiş qardaşı Vinsent Baltzingerdən öyrənib. Qardaşı ona Xocalı faciəsindən danışıb, soyqırımını əks etdirən fotoşəkilləri göstərib. Rəssam 2012-ci ildən başlayaraq Xocalı faciəsinə müraciət edir, Azərbaycanın haqq səsinin eşidilməsinə çalışır.

Reno Baltzingerin əl işləri 2018-ci ildə Bakıda “Arts Council Azerbaijan” tərəfindən “Art Tower” qalereyasında sərgilənib. Müəllifin bu silsilədən məşhur əsərlərindən biri Xocalı uşaqlarına həsr etdiyi “Ağ əsər”dir. Bu əsər bir ümid nişanəsidir: faciənin miqyası nə qədər böyük olsa da, onun şahidləri hər zaman bir ümidlə yaşayır və bu ümid Xocalıya ədalətdir...

Reno Baltzingerin sərgisi martın 5-dək davam edəcək.