Azərbaycan

 

1 mart 1947 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1947 – 8.1.2022) anadan olub. Akademik Musiqili Teatrın aktyorudur, filmlərə çəkilib.

1 mart 1952 – Əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq Aydın Ərşad oğlu Dadaşov (1952 – 15.3.2017) Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

1 mart 2013 – Prezident İlham Əliyev Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi və Azərbaycan Respublikasında 10 mart – “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamlar imzalayıb.

1 mart 2013 – Prezident İlham Əliyev görkəmli teatr və kino aktyoru, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

2 mart 1828 – Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 – 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır. 

2 mart 1945 – Tərcüməçi, nasir, filologiya elmləri doktoru Zeydulla Abdulla oğlu Ağayev (1945 – 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.

 

3 mart 1873 – Yazıçı, tərcüməçi Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (1873-1928) Şəkidə doğulub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub, uşaqlar üçün şeirlər, hekayələr yazıb. Görkəmli maarifpərvər Rəşid bəy Əfəndiyevin qardaşıdır.

3 mart 1875 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, memar Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 – 9.2.1931) anadan olub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə həbs edilərək güllələnib.

3 mart 1904 – Əməkdar artist Abbas Mirzə oğlu Rzayev (1904 – 12.6.1976) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. 1926-cı ildən Akademik Dram Teatrının truppasında aktyor kimi fəaliyyət göstərib.

3 mart 1912 – Yazıçı Manaf Süleymanov (1912 – 12.9.2001) anadan olub. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.

3 mart 1914 – Əməkdar artist Cəvahir Allahverdi qızı İsgəndərova (1914 – 4.10.2003) Tiflisdə doğulub. Gənc Tamaşaçılar Teatrının ilk aktrisalarından olub.

3 mart 1926 – Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 – 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.

3 mart 1937 – Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937 – 17.3.1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulub. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. Bədii (“Axırıncı aşırım”) və sənədli filmlər üçün ssenarilər yazıb.

 

Dünya

 

1 mart 1445 – İtalyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii; 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.

1 mart 1810 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810 - 17.10.1849) anadan olub. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.

1 mart 1888 – Ukrayna yazıçısı, pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).

1 mart 1892 – Yapon yazıçısı Rünoske Akutaqava (1892-1927) anadan olub.

 

2 mart 1824 – Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana; 1824-1884) anadan olub.

2 mart 1859 – Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.

2 mart 1824 – Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824-1871) anadan olub.

 

3 mart 1879 – Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.

3 mart 1919 – Cənubi Afrika yazıçısı Peter Abrahams (1919-2017) anadan olub. Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.

Hazırladı: V.Orxan