Daşkənddə Maqsud Şeyxzadənin 115 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi üzrə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə Azərbaycan əsilli özbək şairi Maqsud Şeyxzadənin (1908-1967) anadan olmasının 115 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AMM-də keçirilən “Mənim iki Vətənim var – Azərbaycan və Özbəkistan” adlı konfransı açan mərkəzin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin özbək ədəbiyyatı və mədəniyyətində fenomenal yerə sahib olduğunu qeyd edib. Deyib ki, şair iki qardaş ölkənin arasında ədəbi-mədəni, dostluq əlaqələrinin qurulmasında mühüm rol oynayıb.

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Dilşod Baratov M.Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olduğunu söyləyib.

Sonra AMM və Özbəkistanın Dövlət Televiziyasının “Mahalla” TV telekanalı tərəfindən hazırlanmış, Maqsud Şeyxzadəyə həsr edilən “Əziz insan” sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, incəsənət və mədəniyyət xadimlərinin Maqsud Şeyxzadə yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.

Sonra məruzələr dinlənilib. Konfransın bədii hissəsində Daşkənd Dövlət Nəqliyyat Universiteti tələbələrinin iştirakı ilə Maqsud Şeyxzadənin əsərlərindən ibarət kompozisiyalar, səhnəciklər və rəqslər nümayiş etdirilib.

Sonda konfrans iştirakçıları AMM-in foyesində Maqsud Şeyxzadəyə dair nəşrlərdən ibarət sərgi ilə tanış olublar.